LosAncelesin azərbaycanlı şerifi


Digərləri 20 May 2019 09:16:52 178 0

LosAncelesin azərbaycanlı şerifi

Dərs ilinin başlanmasından on gün ötürdü. Hansı sinifdə oxuyacağını müəyyən etmək üçün nənəsi Aida xanım onu 258 nömrəli məktəbə aparır. Məlum olur ki, birinci siniflərdə yerlər dolub, cəmi bir şagird qəbul edə bilərlər. Və bu yeri tutmaqdan ötrü beş namizəd uşaq vardır. Məktəb direktoru uşaqların beşinə də bildikləri hər hansı bir şeiri söyləməyi tapşırır. Uşaqlardan kimisi "Xoruz", kimisi "Keçi" şeirini söyləyir. O isə "Yevgeniy Onegin"dən bir parçanı əzbərdən deyir. Bunu görən direktor boş qalan şagird yerini tutmaqdan ötrü onu seçir.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bir az sonra məlum olur ki, o, ibtidai siniflər üçün nəzərdə tutalan dərs proqramını dərindən bilir. Sınaq testini keçəndən sonra onu birbaşa beşinci sinifə götürürlər. Beləliklə yeddi yaşlı bu uşaq orta təhsilini beşinci sinifdən başlayır. 

Atası Fərid Mirzəquliyev mühəndisdir. Azərbaycanın neft sənayesində çalışır. Anası Sevda xanım da mühəndisdir, amma heç yerdə işləmir. Hazırda evdar qadındır. Hər ikisi əslən Bakılıdır. Özündən yaşca kiçik qardaşı Kamil isə əvvəlcə Bakı Slavyan Universitetini bitirsə də, sonradan Barselonada menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Valideynləri ilə Bakıda yaşayır. 

Haqqında söhbət açdığım Fəxri Mirzəquliyev 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. 15 yaşı hələ tamam olmamış orta təhsilini başa vurub və indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 2001-ci ildə maliyyə-kredit fakültəsini bitirərək ali təhsilə yiyələnib. 2002-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Söylədiyinə görə, uşaq yaşlarından orta məktəbi bitirənədək şahmat və üzgüçülük idman növləri ilə məşğul olub. Hətta bu idman növləri üzrə respublika yarışlarında müxtəlif mükafatlara layiq də görülüb. Tələbəlik illərində isə əvvəlcə sərbəst güləşlə məşğul olsa da, bir müddətdən sonra İsrail ordusunda tətbiq olunan "Krav Maga" döyüş növü üzrə məşqlərə qatılıb. O vaxtdan indiyədək "Krav Maga" ilə məşğul olur. 

Deyir ki, ABŞ-da yaşamaq gözəldir. Burada insan əməyi layiqincə qiymətləndirilir: "Problemlər arzuladığın işi əldə edəndə bitir. Ümumiyyətlə, Amerikada gözəl yaşamaq üçün ya çox ağıllı olmalısan, ya da çox işləməyi bacarmalısan". 

Fəxri Kaliforniyanın Los-Anceles şəhərinə gələndə cəmi iyirmi yaşı olub. On dörd il müxtəlif işlərdə şalışıb. Fəqət ruhdan düşməyib, hədəfə doğru inamla addımlayıb. Los-Ancelesdəki Kaliforniya Universitetinin hüquq fakültəsində iki illik tədris proqramını altı aya bitirərək hüquqşünas ixtisasına yiyələnib. Universiteti bitirdikdən iki il sonra, nəhayət ki, məqsədinə çatıb. 2016-cı ildə sıravi polis kimi Los-Ancelesdə işə başlayıb. Qısa müddətdə özünü doğruldaraq şerif vəzifəsinədək yüksələ bilib. Hazırda həbsxanalar üzrə qanqsterlərlə mübarizə şöbəsinin şerifi vəzifəsində çalışır.