Energetika naziri Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib (FOTO)


Digərləri 19 May 2019 23:45:00 260 0

Energetika naziri Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib (FOTO)

“OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib

Bakı. “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Azərbaycanın dünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığa davamlı dəstək verdiyini deyən Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib. İki ölkə arasında enerji sahəsinəqarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini vacib hesab edib. Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib. Bildirilib ki, 4 ay müddətində orta gündəlik neft hasilatı 130 % icra edilib. Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”