Qadağa, yoxsa şüurlu imtina?


Digərləri 19 May 2019 23:34:00 201 0

Qadağa, yoxsa şüurlu imtina?

Rəsmi qurumlar maarifləndirmə tədbirləri ilə əhalinin plastik qablardan imtina etməsi istiqamətində iş aparır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyada plastik qablardan istifadənin qadağan edilməsi məsələsi gündəmə gəlib. Təbiət Nazirliyinin rəhbəri Dmitri Kobılkin deyib ki, Rusiya artıq plastik qablardan imtinaya hazırlaşır. Bir neçə gün öncə isə Yaşıllar Partiyası Portuqaliya parlamentinə meyvə, tərəvəz və çörək üçün nəzərdə tutulan sellofan qablaşdırmalardan imtina olunması barədə qanun layihəsi təqdim etmiş, qanun lahiyəsi birinci oxunuşda qəbul olunmuşdu. Ümumiyyətlə isə, Avropa 2021-ci ilə kimi təkistifadəlik plastik əşyalardan tamamilə imtina edəcək. Bununla bağlı müvafiq qanun layihəsi martın 27-də Avropa Parlamentində qəbul olunub. Azərbaycanda da plastik məmulatlardan imtina məsələsi zaman-zaman gündəmə gəlir. Bu ilin fevral ayında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müsahibəsində qeyd etmişdi ki, plastik məmulatlardan imtina edilməsi birdən-birə baş verməyəcək, bu iş mərhələli şəkildə aparılacaq. O, əlavə etmişdi ki, nazirlik tərəfindən belə bir təbliğat kampaniyasına 6 aydan artıqdır ki, başlanıb.

Hazırda bununla bağlı ölkəmizdə vəziyyət nə yerdədir? Rusiyada plastik qablardan imtina ilə bağlı xəbərdə o da qeyd olunur ki, əhalinin 71 faizi bu cür qablardan imtina etməyə hazır olduğunu bəyan edib. Bəs bizdə əhali buna hazırdır? Yaxud bu istiqamətdə görülən işlər nəticə verirmi? Əslində, bu istiqamətdə olan xəbərlərdə "imtina" sözü daha çox istifadə olunur, amma çox adam bu istiqamətdə qanunvericilik səviyyəsində qadağa olacağını gözləyir. Belə bir qadağa olacaqmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyir ki, bu prosesin icrası ilə bağlı müxtəlif ölkələrin fərqli təcrübəsi var: "Məsələn, bəzi Afrika ölkələrində plastik məmulatlar qadağan olunub, bu məhsulların sərhəddən ölkəyə daxil olmasına icazə verilmir. Ancaq bir çox ölkədə bu prosesin icrası tədricən aparılır. Çünki insanlar buna hazır olmalıdır. Ümumilikdə, plastik məmulatlardan imtina deyəndə, bir dəfə istifadə olunan, təkrar emala yararsız məhsulların mərhələli şəkildə istehsalının azaldılması nəzərdə tutulur. Yəni plastik məmulatların tamamilə qadağan olunmasından söhbət getmir. Çünki plastik məmulatlar bu gün bir çox məhsulları əvəz edir. Digər ölkələrin təcrübəsinə baxsaq, bununla bağlı hər biri müəyyən hədəf götürüb. Kimi 2020, kimi 2025-ci ildə bu məhsulların istehsalı və idxalının qadağan olunmasını hədəfləyir. Bundan öncə isə, bununla bağlı iş aparılır, bir dəfə istifadə edilən polietilen torbaların pullu olması, onlardan az istifadə ilə bağlı qərarlar qəbul edilir. Bizdə imtina deyəndə, hamı gözləyir ki, qərar verilsin, qadağa olsun. Tutaq ki, qərar verildi, sabah bu torbalar yığışdırıldı, ya da ödənişli oldu. Birdən-birə bu, insanlarda diskomfort yaradacaq, amma insanlar buna əvvəldən hazır olmalı, düşüncələrində o torbaların alternativlərindən istifadə etmək fikri oturmalıdır".

M.Nəbiyev deyir ki, nazirlik bu istiqamətdə ötən ildən başlayaraq təbliğat və təşviqat işləri aparır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ildən başlayaraq həm maarifləndirmə işi görür, həm də təşəbbüslə çıxış edir. Marketlərdə plastik məmulatlardan imtina ilə bağlı çağırış layihələrimiz olub, ötən il bununla bağlı fləşmob keçirildi, ayrı-ayrı aksiyalar təşkil edilib. Parça torbalar paylanması kimi aksiyanı misal çəkə bilərəm. Eyni zamanda, bu məmulatların toplanma, çeşidləmə, təkrar emala cəlb edilməsi ilə bağlı iş aparılır. Bütün ölkə üzrə 37 rayonda 200-dən artıq belə konteynerlər yerləşdirilib. O tullantılar çeşidli şəkildə yığılır və təkrar emal müəssisələrinə göndərilir. Nazirlik bu işləri görür, amma həm də kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, digər aidiyyatı qurumlar, özəl şirkətlər də bu prosesin icrasında yaxından iştirak etməlidirlər. Ölkə başçısının fevralın 7-də təsdiq etdiyi tədbirlər planında kompleks tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Maarifləndirmə, qanunvericilik təbdirləri, alternativ materiallardan istifadənin genişləndirilməsi, pilot layihələrin icra olunması və s. əks olunub. Bütün aidiyyatı qurumlar bununla bağlı öz fəaliyyət sahələrinə uyğun olaraq tədbirlər həyata keçirirlər".