Turizmin "müsəlman bazarı"nı tutmağın yolları


Digərləri 19 May 2019 19:55:00 223 0

Turizmin "müsəlman bazarı"nı tutmağın yolları

Ekspert deyir ki, Azərbaycan Müsəlmanların Qlobal Səyahət İndeksi reytinqində nəinki öncül yerlərdə olmaq, hətta liderlik etmək potensialına sahibdir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. "CrescentRating" və "MasterCard"ın birgə tərtib etdiyi illik Müsəlmanların Qlobal Səyahət İndeksi (Global Muslim Travel Index -GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub. Reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya ikinci yerdə qərarlaşmışdı. İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasında Türkiyə (75 bal) üçüncülüyünü qoruyub saxlayıb. O cümlədən, Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) siyahıya daxildir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin sıralamasında 20-ci yerdədir. Mükəmməllik, təmiz mühit, xidmətin keyfiyyəti və kommunikasiya kimi kriteriyalar üzrə aparılan araşdırmalarda ölkəmiz 53 bal alıb.

Araşdırmanın nəticələrinə əsasən, müsəlman turistlərin sayı ümumilikdə turizm bazarının 10-12 faizini təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 milyon nəfərə və ya ümumi turist axınının 11%-ə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 milyard ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır.

"Bu ölkələrin "MasterCard" və "CrescentRating"in təqdim etdiyi "Müsəlmanların Qlobal Səyahət İndeksi 2019" hesabatında yüksək sıralarda yer alması bizi sevindirir. Bu göstəricilər regionun inkişafı və sürətlə böyüməkdə olan müsəlman turist bazarının tələblərinə köklənməsini vurğulayır. Bu da məqsədəuyğun bir addımdır, belə ki, məhz müsəlman turist sektoru uzunmüddətli dayanıqlı iqtisadi inkişafın aparıcı qüvvələrindən birinə çevrilməkdədir", - deyə "Mastercard"ın Orta Şərq və Afrika regionu üzrə prezidenti Raqu Malhotra (Raghu Malhotra) bildirib.