Ömür yolu yarıda qırılan sənətçilər, məşhurlar... FOTO


Kriminal 19 May 2019 12:37:00 239 0

Ömür yolu yarıda qırılan sənətçilər, məşhurlar...  FOTO

Sənətçi, sənətkar ömrü və taleyi çox çətin, çox mürəkkəb, ziqzaqlı və bir çox hallarda kədərli olur...

Yaşlarının, sənətlərinin, səhnə həyatlarının, coşub-daşdıqları yaradıcılıq enerjilərinin ən gözəl çağlarında bir anın içindəcə həyatdan köçməli, bu fani dünyaya birdəfəlik əlvida deməli olurlar...

Bir çoxları isə hətta bu həyatdan, bu fani dünyadan çox faciəli şəkildə, keçirdikləri ağır qəza hadisələri, ağır cərrahi əməliyyatlar zamanı dünyaya gözlərini əbədilik yumurlar...

Növbəti yazımızda məhz dünyasını həm vaxtsız dəyişmiş, həm də faciəli sonluqla bitirmiş sənətçilərdən, sənətkarlardan bəhs edəcəyik.

Ağadadaş Qurbanov

Son.az oxu.az-a istinadən xəbər verir ki, hamımızın "Arşın mal alan" filmindən çox yaxşı tanıdığımız Soltan bəy rolunun ifaçısı, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri, Xalq artisti, həmçinin, Xalq artistləri Hamlet Qurbanovla Gülşən Qurbanovanın atası Ağadadaş Qurbanov səhnəmizi, sənət dünyasını vaxtsız və faciəli şəkildə tərk edən sənətkarlarımızdandır...

Belə ki, "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyana qastrola gedir və bu qastrol böyük sənətkarın faciəli ölümünə səbəb olur. Qızı Gülşən xanımla qaldıqları mehmanxananın eyvanına çıxan sənətkar qəfildən eyvanın uçması nəticəsində övladı ilə birlikdə yerə düşür, zərblə yerə çırpılır və aldığı ağır zərbədən Ağadaş Qurbanov dünyasını dəyişir, Gülşən xanım isə xəsarət alsa da, ölümün eşiyindən dönür. Amma o da sonra qardaşı Hamlet kimi dünyadan vaxtsız və erkən köçür.

25 iyun 1965-ci il tarixində, cəmi 54 yaşında faciəli şəkildə həlak olan Ağadadaş Qurbanov Bakıda, Fəxri xiyabanda dəfn olunur.

Səxavət Məmmədov

Özünəməxsus səsi, bənzərsiz, heç kimi təkrarlamayan ifa tərzi ilə seçilən, qısa zamanda hər kəsin rəğbətini qazanan, sevimlisinə çevrilən müğənni, xanəndə Səxavət Məmmədov. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan, ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənən, 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olan, yaratdığı "Qarabağ" instrumental ansamblı ilə incəsənət, mədəniyyət tarixinə düşən böyük sənətkar...

Ancaq Səxavət Məmmədovun da səhnə, sənət həyatı uzun çəkmir,  xanəndə 1991-ci il sentyabrın 30-da  ağır avtomobil qəzasına uğrayaraq, cəmi 38 yaşında faciəli şəkildə dünyasını dəyişir.

Qeyd edək ki, Səxavət Məmmədov tanınmış xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

Nəzakət Məmmədova

Gözəlliyi, təkrarsız ifası ilə könülləri, qəlbləri ovsunlayan Nəzakət Məmmədova...

Səhnəyə, efirə çıxması ilə bir anadaca məşhurlaşan, populyarlaşan sənətkar...

Qısa müddətdə bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil edən, özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerjisi ilə hamının sevimlisinə çevrilməyi bacaran, xüsusilə, keçmiş sovetlərin qadağalarını aşaraq, səhnədə, efirdə sərbəstliyi ilə seçilən ünlü ifaçı...

Səhnədə, efirdə xoşbəxt, gülərüz görünməsinə baxmayaraq, Nəzakət xanımın ömür yolu, həm də taleyi çox kədərli, çox faciəli olur. Belə ki, çoxları tərəfindən sevilən, seçilən müğənni onun tanıyanların dediklərinə görə, həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülür-söyülür. Bir axşam əri onu yenə möhkəm döyür, hətta baş-gözünü belə partladır. Harayına çatan anasıyla bacısı Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakətlə həyat yoldaşınını yolları birdəfəlik ayrılır. 

Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Deyilənlərə görə, onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilər olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.   

Nə yazıq ki, oğlunu böyütmək Nəzakətə qismət olmur. Müğənni 7 yaşlı oğlunu anasız qoyaraq bu dünyaya birdəfəlik əlvida deyir. Nəzakət Məmmədovanın ölümündən sonra haqqında hətta indiyə qədər belə səngimək bilməyən şaiyələr yayılır. Bəlkə də şaiyələrin yaranmasına ailədə bir-birinin ardınca baş verən qəfil ölümlər səbəb olur. Belə ki, Nəzakət Məmmədovadan sonra anası vaxtsız vəfat edir. Daha sonra oğlu Ceyhuna sahib çıxmış "Mükafat" ləqəbli bacısının həyat yoldaşı avtomobil qəzasında həlak olur. Şaiyələr ayaq-tutub yerisə də, gerçək bu idi ki, Nəzakət Məmmədova girdiyi plastik cərrahiyyə əməliyyatından sağ çıxmamışdı. Bunu həm Nəzakət Məmmədovanı yaxından tanıyan sənətkarlar, həm də öz doğmaları təsdiq ediblər. 

Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik, həm də cavan olmasına baxmayaraq, boğazının altında yaranmış qırışlar müğənnini hər zaman narahat edirmiş. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur, qırışlar onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarına gəlir. Buna görə də Soçidə bu əməliyyatı həyata keçirə biləcək həkim tapır. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan, əslində isə "manikür" ustası olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir.

Lakin əməliyyat zamanı bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Nəzakət Məmmədovanın 36 yaşında faciəli ölümünə səbəb olan həmin cəllad "həkim" isə törətdiyi cinayət əməlinə görə Krasnodar məhkəməsi tərəfindən azadlıqdan məhrum edilir...

Nəzakət Məmmədovanın təkbaşına, minbir əzab-əziyyətlə böyütdüyü oğlunu isə yuxarıda qeyd etdiyimiz kimi, xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda, Nəzakətin olduğu maşının üstünə ağac aşıb düşür. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır. Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir.

Rafiq Babayev

Azərbaycan musiqisində, estradasında özünəməxsus dəsti-xətti olan tanınmış bəstəkar, pianoçu, məşhur cazmen, böyük sənətkar Rafiq Babayev...

Rafiq Babayev 1936-ci il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləyən Fərzi Babayevin ailəsində dünyaya göz açır. Ancaq cəmi bir ildən sonra üzünü, simasını belə görüb, tanımağa macalı olmadığı atasından ayrı düşməli olur, daha doğrusu, 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilir. Bundan sonra həm balaca Rafiqin, həm də ailəsinin ağır, əzablı günləri başlayır. Rafiqin anası Şahbəyim xanım 6 övladını - Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq və Armanusanı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Ancaq həyatın bütün zorluqlarına rəğmən, sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınır, xüsusilə də, Rafiq Babayev...

Lakin Rafiq Babayev də yaşının, yaradıçılığının ən gözəl vaxtlarında faciəli şəkildə dünyasını dəyişən sənətkarlar sırasındadır. O, 1994-cü ilin martın 19-da erməni ekstremistlərinin "sadvalçı"larla birlikdə Bakı metrosunda təşkil etdiyi qanlı terrorun qurbanı olur. Metroda törədilmiş partlayış nəticəsində Rafiq Babayev 58 yaşında həyatla vidalaşır.