Alimlər qlobal istiləşməyə davamlı olan mərcan növü aşkar ediblər


Digərləri 19 May 2019 07:55:00 225 0

Alimlər qlobal istiləşməyə davamlı olan mərcan növü aşkar ediblər

Havay Dəniz Biologiyası İnstitutunun alimləri əlverişsiz şəraitə davamlı olan və sürətlə bərpa olunan mərcan növü aşkar ediblər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, London Kral Cəmiyyətinin "Proceedings of the Royal" jurnalında dərc olunmuş tədqiqatda belə deyilir.

Mərcan rifləri insan fəaliyyətinin müxtəlif nəticələrindən, qlobal istiləşmədən və suyun turşulaşmasından zərər çəkir. Mərcanların təqribən üçdəbir hissəsi artıq məhv olub. Onların sayı durmadan azalır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun məlumatına görə, cəmi 1,5 dərəcə istiləşmə Yer kürəsində mərcan riflərinin 70-90 faizinin yoxa çıxmasına gətirib çıxaracaq.

Havay Dəniz Biologiyası İnstitutunun apardığı tədqiqatın baş müəllifi Kristofer Jüri əmindir ki, ən bədbin ssenarinin - mərcan riflərinin tamamilə yoxa çıxmasının qarşısını hələ də almaq olar. O deyib: "Təəssüflə etiraf etməliyəm ki, riflərlə bağlı vəziyyət sonrakı 20-30 il ərzində daha da pisləşəcək. Lakin bu o demək deyildir ki, işlərin belə gedişinin qarşısını almaq olmaz".

Tədqiqatçılar Havay adalarındakı Kaneoxe körfəzində 1930-1970-ci illərdə, demək olar, tamamilə məhv edilmiş mərcan riflərinə diqqət yetiriblər. Urbanizasiya, dibdərinləşdirmə işləri, sahilyanı rayonların inkişafı və çirkab sularının dənizə axıdılması nəticəsində körfəzdə mərcan örtüyünün sahəsi 95 faiz azalıb. 1970-ci illərin sonunda kanalizasiya sularının axıdılmasının qarşısı alınıb. Suyun çox isti və turş olmasına baxmayaraq, mərcanlar sürətlə çoxalmağa başlayıb. Körfəzdə adi mərcanların həyatı üçün faktiki olaraq yararsız şərait yaransa da, salamat qalmış supermərcanlar şəraitə uyğunlaşaraq çoxalmağa başlayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, mərcanın bu növü məskunlaşdığı mühitə o dərəcədə öyrəşib ki, daha sərin və turşulaşma səviyyəsi aşağı olan sularda özünü pis hiss edir.