“Azərbaycanda iki adama "ata" demişəm”:


Digərləri 18 May 2019 22:27:00 234 0

“Azərbaycanda iki adama "ata" demişəm”:

Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ilk dəfə etiraf edib ki, Azərbaycanda iki aktyoru özünə çox doğma bildiyi üçün onlara "ata" deyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bakı Kitab Mərkəzində xalq artisti Rasim Balayevin pərəstişkarları ilə görüşü olub. Gecəyə tamaşaçılarla yanaşı ölkəmizin bir sıra tanınmış sənət adamları da qatılıb. Görüş zamanı çıxış edən xalq artisti Fəxrəddin Manafov deyib: "Tamaşaçılar qarşısında ilk dəfə etiraf edirəm ki, Azərbaycanda iki adama "ata" sözü ilə müraciət etmişəm. Onlardan biri mərhum aktyorumuz Fuad Poladov, digəri isə Rasim Balayevdir".

Manafov rejissor və kinoşünas Ayaz Salayevin onlarla bağlı vaxtilə planlaşdırdığı bir layihədən də bəhs edib.

"Rasim Balayev elə ucalıqdadır ki, ona sadəcə toxunmaq mümkün deyil. Ayaz Salayevin bir layihəsi vardı. O, istəyirdi ki, orada həm məni, həm Rasim Balayevi, həm də təəssüf ki, artıq həyatdan köçmüş Fuad Poladovu çəksin. Hətta ssenari də başa çatmışdı. Ola bilsin, Ayaz Salayev bu dəfə bizim ikimizi hansısa filmdə çəkmək barədə düşünəcək", - deyə Manafov bildirib.

Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev Sputnik Azərbaycan-a açıqlamasında Manafovun dediklərini şərh edib: "Belə bir ideyam var idi. Lakin böyük aktyorumuz Fuad Poladovun dünyasını dəyişməsi mənim bu planlarımı alt-üst elədi. Əslində, ortada heç ssenari də yox idi. Sadəcə, mənim belə bir arzum var idi ki, 3 böyük aktyoru bir filmə çəkim".


Xəbərə aid fotolar