Fitrə zəkati haqqinda hər şey


Digərləri 18 May 2019 21:55:00 279 0

Fitrə zəkati haqqinda hər şey

Fitrə zəkatı bayramın ilk gecəsi girməklə hər bir müsəlmana vacibdir. Əgər kimsə, həmin gün günəş batmadan öncə ölərsə və ya müflis (mal-mülksüz) olarsa, fitrə zəkatı ona vacib olmaz. Günəş batdıqdan sonra isə, öhdəliyində (vacib olaraq) qalacaq. İbn Ömər demişdir:

"Peyğəmbər (Ona salam olsun) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (3 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir." (Əbu Davud).

Milli.az islamevi.az-a istinadən bildirir ki, fitrə zəkatının hikmətləri bunlardır: Orucda olan nöqsanları tamamlamaq, kasıbları bayram günündə dilənməkdən qurtarmaq və s. Vaqi b. Cərrah (Allah ona rəhmət etsin) bu mövzuda belə demişdir:

"Ramazan ayı üçün fitrə zəkatı, namaz üçün olan səhv səcdəsi kimidir. Səhv səcdəsi namazda olan əskikliyi tamamladığı kimi, fitrə zəkatı da orucda olan əskiklikləri tamamlayar." Bir hədisdə belə buyurulur:

"Bu gündə (Bayram günü) kasıbları gəzib istəməkdən (dilənməkdən) qurtarın." Yəni, kasıbları bayram günündə ehtiyaclarını aradan qaldırın ki, başqalarından istəmək (dilənmək) məcburiyyətində qalmasınlar.

İbn Abbasdan (Allah ondan razı olsun) demişdir:

"Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını oruc tutanın pis və boş-boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün vacib etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də ki, namazdan sonra çıxararsa  bir sədəqədir (yəni, "fitrə" sayılmaz)." (Əbu Davud)

Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq, müsəlman xidmətçilər, anası, atası və s. bura daxildir.

Ana bətnində olan uşağın əvəzinə də fitrə zəkatı çıxarmaq bəyənilən əməldir. İbn Ömər deyir ki:

"Peyğəmbər (Ona salam olsun) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir."

Fitrə zəkatının çıxarılan miqdarı - bir insanın boynuna 3 kq xurma, kişmiş, düyü, makaron, qreçka (qarabaşaq), noxud, bulqur və s. bu kimi qida məhsulları ilə təyin olunur. Fitrə zəkatı üçün ən doğru olanın - bu cür qida vasitələri ilə çıxarılması olsa da, dövrümüzdə insanların əsas ehtiyaclarının müxtəlif olması səbəbinə görə, bir çox İslam alimi - "pul kimi də vermək olar" rəyi ilə əməl etməkdə bir qəbahət hesab etmirlər.