Kriminal avtoriteti öldürən keçmiş məmurun fotosu yayıldı


Digərləri 18 May 2019 21:03:00 246 0

Kriminal avtoriteti öldürən keçmiş məmurun fotosu yayıldı

Kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs - Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun saxlanılmasını sübut edən şəkil əldə olunub.

Son.az oxu.az-a istinadən bildirir ki, Z. Yusifov cinayət aləmində "Emin 444" və "Emin Masallinski" kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittiham olunur. Z. Yusifova qarşı ifadəni cinayət işi üzrə digər ittiham olunan şəxs, Naxçıvan sakini, 24 yaşlı Tağıyev Həsən Mərdan oğlu verib. H. Tağıyev qətldən dərhal sonra həbs olunub.

Qətl mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində baş verib. E. Səfərov kütləvi dava zamanı öldürülüb. Onun yaxınlarının bildirdiyinə görə, qətldən 10 gün əvvəl avtoritetlə 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə olub. E. Səfərov xəbərdarlıq edib ki, Z. Yusifov səlahiyyətlərindən sui-istifadə edərək yerli sakinləri incitməsinə göz yummayacaq.

İlkin məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ilə maşında olub. Z. Yusifovun atası Əli Yusifov avtomobilə yaxınlaşaraq Eminlə söhbət etmək istədiyini bildirib. Heç nədən şübhələnməyən Emin dostlarını buraxıb. Tək qalanda isə altı nəfər ona hücum edib. E. Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60 bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütləvi davanın iştirakçıları Z. Yusifovun göstərişi ilə vurublar. Qeyd olunub ki, qətldə altı nəfər təqsirkardır.

Z. Yusifov mayın 14-də H. Tağıyevin ifadəsi əsasında saxlanılıb.