Səhnəni, sənəti tez tərk edən və ya yenidən ikinci səhnə ömrü yaşayan sənətçilər


Kriminal 18 May 2019 18:06:00 271 0

Səhnəni, sənəti tez tərk edən və ya yenidən ikinci səhnə ömrü yaşayan sənətçilər

Səhnə, teatr, kino ətrafından və yaxınlarından savayı heç kimin tanımadığı bir insanı bir anın içindəcə tanıda, minlərin, on minlərin, yüz minlərin, hətta milyonların sevimlisinə, ulduzuna çevirir.

Son.az Oxu.az-a istinadən bildirir ki, dünənə kimi adi, sadə, sakit, sıravi bir insan ömrü yaşayan şəxs bir andaca səhnə, teatr, kino ilə evlərə, ailələrə daxil olur, onların qəhrəmanına, idealına, kumirinə çevrilə bilir. Amma bəzən bu şöhrət, bu ulduzluq, bu parıltı heç də uzun çəkmir, sıravilikdən kənara çıxıb, tanınmış, populyar sənətçi, sənətkar ömrü yaşayan insan gəldiyi kimi, bir anın içindəcə sakit, səssiz-səmirsiz çıxıb gedir, səhnə, teatr, kino həyatını tərk edir, guşənişinliyə çəkilir və ya yenidən toplanıb, əvvəlki, qaldığı yerdən yoluna davam etməyə qərar verir.

Bu gedişin özü də fərqli olur: kimisi vaxtından əvvəl səhnə, sənət həyatını vaxtsız tərk etsə də,  yaratdıqları nəinki bir ömür boyu ona bəs edir, hətta dünyasını dəyişdikdən sonra da əbədilik, əbədiyaşarlıq qazanır. Yenidən səhnəyə dönüşü olmasa da, yaratdıqları, yaşatdıqları hər şey üçün kifayət edir.

Kimisi vaxtında reallaşdıra, gerçəkləşdirə bilmədikləri və ya bunu etmək iqtidarında olmadıqları ilə baş-başa qalır, unudulur, xatırlanmır, xatırladılmır və ya nadir, istisna hallarda yada düşür.

Kimisi səhnənin, sənətin cazibəsindən heç cür ayrıla, qurtula bilmir. Getdiyi kimi, yenidən geriyə dönməyin həsrətini yaşayır, anını gözləyir, gününü sayır. Qayıdarkən yaratdıqlarının, yaşatdıqlarının davamını gətirirmi? Kimisinə nəsib olur, kimisinə də...

Budəfəki yazımızda sənhəni, sənəti vaxtından əvvəl tərk edən və ya tərk etmək məcburiyyətində qalan (həmçinin, yenidən dönüb ikinci səhnə, sənət ömrü yaşayan), amma yaratdıqları, yaşatdıqları ilə əbədilik yaddaşlarda qalan sənətçilərdən, sənətkarlardan bəhs edəcəyik.

Şəfiqə Məmmədova

Azərbaycan səhnəsinin, Azərbaycan kinosu və teatrının parlaq ulduzlarından biri... Səhnəyə ilk addımları, teatra, kinoya gəlişi ilə bir andaca sözün yaxşı mənasında tufan, fırtına qoparan, tanınan, qəbul edilən, populyarlıq qazanan və sevilən korifey sənətkar... Böyük və kiçik, əsas və epizodik rollarda çəkilməsindən asılı olmayaraq, hər bir rolunda, ifasında izini, nəfəsini, möhürünü qoyan nəhəng aktrisa...

Gertruda, Maşa, Gültəkin, Bəyaz, Gülcan, Nurcahan, Pırpız Sona, xüsusilə "Bizim Cəbi müəllim", "Qaraca qız" , "Dədə Qorqud", "Ad günü" və "İstintaq" filmlərində yaratdığı Gülya, Pəricahan, Fəridə, Burla xatun və Cəbişin arvadı obrazları qəlbləri, könülləri yerindən oynadan, riqqətə gətirən, ən əsası, bir-birindən fərqlənən bu obrazları yüksək peşəkarlıqla yaddaşlara həkk etdirən sənətçi...

Təəssüf ki, Şəfiqə xanım sənətinin, yaradıcılığının ən gözəl çağında, çox erkən yaşlarında (hansı ki, heç qırx yaşı tamam olmamışıdı) səhnə həyatı ilə birdəfəlik vidalaşmaq qərarı verir. SSRİ Xalq artisti Mehdi Məmmədovdan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı quran böyük sənətkar ailə - şəxsi həyatı ilə bağlı sənhəndən, kino və teatrdan uzaqlaşır.

Uzun müddət gözlərdən, könüllərdən, efirlərdən, mətbuatdan kənarda qalmağı üstün tutur. Ta ki 1980-ci illərin lap sonlarında AzTV-nin məşhur "Dalğa" verilişində efirə çıxana kimi. Bu dəfə bir sənətşünas, pedaqoq kimi sevənlərin, həsrətində olanların görüşünə gəlir.

Tamilla Rüstəmova

Azərbaycanın çox tanınmış və sevilən bəstəkarlarından olan Səid Rüstəmovun ailəsində dünyaya gələn Tamilla xanım ixtisasca musiqiçi (piano müəllimi) olsa da, çox erkən yaşlarından səhnədə, kinoda rol alıb, həm zahiri gözəlliyi, həm də yaratdığı azsaylı obrazları ilə yaddaşlarda qalıb.

Hamımızın "Böyük dayaq" filmindən tandığmız Maya bacı, "Ulduz" komediyasından tanıdığmız Ulduz və "Axırıncı aşırım" filmindən tanıdığımız Növrəstə obrazının mahir ifaçısı Tamilla Rüstəmova...

Tamilla xanım yaşının, yaradıcılığın ən gözəl vaxtlarında sənət, kino həyatından uzaqlaşır. Buna səbəb onun Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən həmin institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb yaşması olur. Uzun illərdən sonra Bakıya köçən aktrisa bir müddət "Bülbül" adına məşhur məktəbdə piano dərsi də deyir. Amma bu dəfə sakit həyat tərzinə, hər kəsin gözündən uzaq qalmağa üstünlük verir,  cəmi bir hal istisna olmaqla, mediaya, efirə çıxmır və yenidən ailəsi ilə birlikdə Rusiyaya köçür.

Zərnigar Ağakişiyeva

Azərbaycan sənhəsinin Zəri, Zər-Nigarı... Gözəlləyi, cazibəsi, parlaq istedadı, gözəl və yaddaqalan obrazları hər kəsi ovsunlayan, əfsuslayan nəhəng aktrisa... Səhnəmizin, kinomuzun, teatrımızın Xuramanı, Tatyanası, Fəxrəndə xanımı, Teadorası, Kərbəlayi Fatması, Dilbəri və daha neçə-neçə, bir-birindən gözəl obrazların mahir ifaçısı Zərnigar Ağakişiyeva...

Yaratdığı iki qayınana obrazı - "Kökdən düşmüş piano" tamaşasında və "Təhminə" filmindəki (Zivər) obrazları ilə tamaşaçılarda həm nifrət hissi oyatmağı, həm də milyonların yaddaşlarına həkk etdirməyi bacaran böyük sənətkar...

Zərnigar xanımın şəxsi həyatı, taleyi heç cür uğurlu alınmır. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü  cəmi 11 il olur.

Həyat yoldaşının peşəsi də mədəniyyət sahəsinə aid deyilmiş, həmçinin, 11 illik evlilikdən övladları da olmayıbmış və bu, onların ayrılması ilə nəticələnibmiş. Tək, bir növ guşənişin həyat keçirən aktrisa bir müddət səhnədən inciyib, ayrılmalı olur.