Arvadına başqası ilə münasibətindən şübhələndi və...


Kriminal 18 May 2019 13:09:00 210 0

Arvadına başqası ilə münasibətindən şübhələndi və...

Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Məzahir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Məzahir Məmmədov arvadı Səbinənin son vaxtlar ona soyuq münasibət göstərdiyini görüb. Bu hərəkətləri ilə Səbinənin ona xəyanət etməsindən şübhələnib.

Uşaqlarını mağazaya göndərdi, qapını arxadan bağladı

Məzahir Məmmədov aralarında olan münasibətlərə aydınlıq gətirməkdən ötrü 23 iyun 2016-cı il tarixdə, saat 18.00-da yaşadıqları Səbail rayonu, Bayıl qəsəbəsindəki evdə olarkən azyaşlı övladları Sədi və Ramalı siqaret almaq adı ilə yaxınlıqdakı mağazaya göndərib.

Daha sonra Məzahir Məmmədov Səbinənin heç yerə çıxa bilməməsi üçün evin giriş qapısını arxadan qıfıllayıb. O, evin içəri otaqlarına qalxmaq üçün nəzərdə tutulmuş pilləkanların üstündə əyləşərək Səbinədən çay istəyib.

Arvadından şübhələndiyini açıqladı

Səbinə ona şüşə stəkanda çay gətirib. Məzahir çayın soyuq olmasını bildirib və ondan yenidən çay gətirməsini deyib. Səbinə yenə də ona çay gətirib.

İkinci gələn çayı da içən Məzahir arvadını ona əvvəlki kimi diqqət yetirməməkdə, soyuq davranmaqda günahlandırıb, ona olan şübhələrinin səbəblərini soruşub.

Bu zaman Səbinə Məzahirə fikirlərinin həqiqətə uyğun olmadığını bildirib. Bundan əsəbiləşən Məzahir onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Arvadı inkar etdi, qətli yetirdi

O, əlində olan şüşə çay stəkanının arxa tərəfi ilə Səbinənin baş və sifət nahiyələrinə zərbələr endirib. Məzahir Səbinənin onun əlindən çıxaraq özünü qurtarmağa çalışmasına, imdad diləməsinə və çöldə olan uşaqlarını köməyə çağırmasına heç bir əhəmiyyət verməyib.

Məzahir Səbinəni döşəməyə yıxaraq əlləri ilə bədənin müxtəlif nahiyələrinə vurmaqla, eləcə də əlindəki şüşə stəkanın arxa hissəsi ilə baş və sifət nahiyələrinə ümumilikdə 6 dəfə zərbə endirib. Səbinə aldığı xəsarətdən hadisə yerində ölüb.

"Əvvəllər məhkum olunmuşam"

İstintaq orqanı tərəfindən Məzahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məzahir Məmmədov bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum olunub: "15 il olar ki, Səbail rayonunda fərdi evdə yaşayırıq. Səbinə ilə 2000-ci ildə kəbin kəsdirib, evlənmişəm. Sonradan nigahımızı rəsmiləşdirdik, üç övladımız olub. Heç yerdə işləməmişəm".