Erməni siyasətinin "söz taciri":


Siyasət 17 May 2019 18:37:00 281 0

Erməni siyasətinin "söz taciri":

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Ermənistanın baş naziri Pekində "Bir kəmər, bir yol" layihəsi ilə bağlı keçirilən beynəlxalq foruma dəvət almamışdı. Çünki bu asılı ölkə həmin layihədə iştirak edə bilmir. Lakin tədbirdən sonra N.Paşinyan Çinə səfər edib. O, "Asiya sivilizasiyalarının dialoqu" forumunda iştirak edib. Erməni mediası bu hadisəni şərh etməyə çalışır. Guya N.Paşinyan Ermənistana milyardlarla dollar sərməyə gətirə bilən böyük bir addım atıb. Lakin real vəziyyətin analizi göstərir ki, əslində, N.Paşinyan Pekində növbəti dəfə rəzil oldu. O, yalanları və boş vədləri ilə yadda qaldı. Konkret olaraq, iki ölkə arasında heç bir sənəd imzalanmadı. Bu faktlar çərçivəsində N.Paşinyanın Çin səfərinin geosiyasi aspektləri üzərində bir qədər geniş dayanmaq istərdik.

Bir növ adətkardır: söz alverindən yaxa qurtara bilmir

Bir tendensiya artıq dayanıqlı trendə çevrilir: N.Paşinyan Azərbaycan Prezidentindən müstəqil siyasət yürütməyin incəliklərini öyrənməyə çalışır, lakin hər dəfə çox bacarıqsız olduğunu nümayiş etdirir. N.Paşinyan hakimiyyətə gələn gündən müstəqil siyasət adı altında bütün fəaliyyətini İlham Əliyevin atdığı addımların arxasınca sürünmək üzərində qurub. Azərbaycanın dövlət başçısı Rusiyaya səfər edirsə, N.Paşinyan da oraya baş çəkir, Avropa İttifaqına səfərimiz olanda, erməni baş nazir də formal da olsa oralarda görünür və s. Son olaraq N.Paşinyanı Pekində görüblər. Ermənistan rəsmilərinin dediyinə görə, oraya ikigünlük səfərə gedib. N.Paşinyanı Çində keçirilən "Asiya sivilizasiyalarının dialoqu" forumuna dəvət ediblər.

Qəribədir, ermənilərin Asiya sivilizasiyasına nə aidiyyəti var? Axı, Fransa Prezidenti onları "həmyerli" adlandırırdı. Ermənilər də həmişə "qədim və mədəni xalq" kimi özlərini Qərb sivilizasiyasının "yaradıcılarından" biri, xristian kilsələrinin "qədim məkanı" sayırlar. Əslində isə bu kontekstdə Ermənistan deyəndə, konkret olaraq, haranı nəzərdə tutduqları məlum deyil. Çünki danışıqlarından belə çıxır ki, bu qədər "qədim mədəni dəyərlərə" malik olan xalq elə bəşəriyyətin özüdür, yəni dünya Ermənistandır! Maraqlıdır ki, bu absurddan heç N.Paşinyan və onun qulbeçə tarixçiləri və ekspertləri də utanmırlar.

Utansaydılar, eyni abırsızlıqla ermənilərin Asiya sivilizasiyasına bağlılığı haqqında "dövlətçilik tarixində böyük təcrübəsi olan Çində" boş-boş danışmazdılar. Ancaq N.Paşinyan yenə də danışdı. O, Avrasiya İqtisadi İttifaqında (Aİİ) işləri "yoluna qoyduqdan" və Avropa İttifaqı (Aİ) ölkələrinə "möhtəşəm səfər" etdikdən sonra Çini "fəth" etmək fikrinə düşdü. Bu "fəth"dən cəmi bir necə gün əvvəl Brüssel müzakirələrində iştirak etmədən aradan çıxmış, o hadisədən cəmi bir neçə gün əvvəl isə Çində keçirilən "Kəmər və yol" forumuna getməmişdi (yəni dəvət etməmişdilər).

N.Paşinyanın siyasətçi kimi real rolu Ermənistanın Aİİ-dəki durumunda və Aİ ilə münasibətlərin məzmununda açıq ifadə olunub. Üstəlik, İrəvanın müxtəlif beynəlxalq layihələrdə iştirak dərəcəsi, konkret desək, iştiraksızlığı da bu baxımdan maraqlıdır. Bütün bu aspektlərin yekunu belədir: erməni lider hara gedirsə, özü ilə ancaq söz, boş vədlər, saxta tarix aparır və oradan da ancaq söz alıb qayıdır. Onu müasir erməni siyasətinin "söz taciri" adlandırmaq olar. Yeri gəlmişkən, bu xüsusiyyət ona əcdadlarından, o cümlədən özündən əvvəlki Ermənistan rəhbərlərindən qalıb.

N.Paşinyan Pekində bu ampluasından zərrə qədər də kənara çıxmadı. Əvvəlcə Ermənistanın nəyə görə "Bir kəmər, bir yol" forumuna dəvət edilmədiyini izah edə bilmədi. Onun ofisinin rəsmi informasiya yayımında müxtəlif uydurma bəhanələrdən bəhs edilir. Həmin bəhanələr iki qrupa bölünür: birincisi, bütün günahlar N.Paşinyandan əvvəlki rəhbərlərdədir (onlar Dağlıq Qarabağı, ordunu batırdıqları kimi "İpək yolu"nu da batırıblarmış), ikincisi, günahkar "pantürkist" Türkiyə və Azərbaycandır. Erməni rəhbərlərinin necə fəaliyyət göstərdiyi Paşinyanın problemidir. Amma Azərbaycanın "pantürkçülüyü" sən demə işğal altında olan torpaqlarını azad etməkdə "qabarıbmış"! Və bu barədə erməni lider Pekində Asiya sivilizasiyalarının dialoquna həsr edilmiş forumda deyir. Bu qədər qeyri-ciddiliyi yəqin ki, diplomatiya tarixi görməyib.

Türkiyə də "pantürkistdir" ona görə ki, Çində yaşayan uyğurların hüquqlarını qorumağa çalışır. Yəni Azərbaycan və Türkiyə xalqları nə istəyirlərsə, "pantürkizmdir", ancaq erməni xalqı qədim köklərə malik toplum kimi ancaq əməkdaşlıq və sivil münasibətlər istər. Özü də bu fikri Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda, Rusiyada və Avropada türklərə və azərbaycanlılara qarşı qanlı terror hadisələri törədən bir kütlənin rəsmi nümayəndəsi deyir. Azərbaycanlılara və türklərə məxsus minlərlə mədəni abidələri, müqəddəs yerləri, ibadətgahları təhqir edən, dağıdan və görünməmiş vəhşilik törədən erməni söyləyir.

Yola verdilər: nəticəsiz danışıqların real üzü

Bizcə, Çinin dövlət başçısı ümumi halda N.Paşinyanın cavabını verib: "biz erməni xalqının keçdiyi yolları bilirik". Doğrudur, bundan sonra fəlakətlərin baş verməməsini də diləyib. Ancaq kimsə fəlakətə haqq qazandırmır. Və erməni mediasının təqdim etməyə çalışdığı kimi, bu fikirdə "soyqırımı" nağılı gizlənməyib. Daha çox ermənilərin xislətinə işarələr vardır: hər bir xalq layiq olduğu həyatı yaşayır! Şərq müdrikliyində bu fikrə şübhə etmirlər.

Onun təsdiqlərindən biri də məhz "Bir kəmər, bir yol" layihəsində Ermənistanın iştirak etməməsidir. Pekin ancaq sabit, dayanıqlı iqtisadiyyata malik, potensial imkanları və real resursları olan dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan Cənubi Qafqazda məhz belə bir ölkədir. "Bir kəmər, bir yol" sammiti zamanı Çin çəkinmədən Azərbaycanla 821 milyon dəyəri olan sənədlərə imza atıb. Forumun yekun sənədində konkret olaraq göstərilib ki, Azərbaycan 40-dan çox maliyyələşdirilən layihədə həmin proyekt çərçivəsində iştirak edir. Ermənistanın adı isə cəmi bir dəfə çəkilir: aviareyslər açmaqda!

Ermənilərin arqument kimi gətirməyə çalışdıqları digər fakt - İrəvanda Çinin ən böyük səfirlik binasını tikməsi isə ermənilərin üzqaralığıdır. Çünki Pekin onu Ermənistanın əhəmiyyətli geosiyasi fiqur olmasına görə deyil, Vaşinqtona cavab olaraq tikir. Axı, ABŞ-ın İrəvandakı səfirliyi çox böyükdür və orada 2000-dən çox adam çalışır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri də açıq etiraf etdi ki, bu ölkədə inqilab hərəkatının hazırlanmasında həmin əməkdaşların rolu az olmayıb. Buyurun, indən belə İrəvanın küçələrində at oynadan iki ölkə olacaq - ABŞ və Çin! Rusiya buraya aid deyil, çünki Moskva Ermənistanın ağasıdır, sahibidir və bu mənada həm ABŞ, həm də Çinə qarşıdır.

Bunlar açıq göstərir ki, N.Paşinyanın Çinə heç bir konkret məzmunu olmayan səfəri daha çox formal xarakter daşıyıb və görüntüdən başqa bir şey deyildir. Erməni mətbuatının Ermənistan vətəndaşlarını növbəti dəfə aldatmaq üçündür. Hər hansı real əməkdaşlıq mütləq ən azından iki şərti tələb edir: minimal sərmayə riski və ölkənin real resurslara malik olması. Ermənistanda isə bu şərtlərin heç biri yoxdur. Doğrudanmı Pekin Ermənistanın təcavüzkarlığını görmür? Bu gün erməni təcavüzkarlığına göz yuman hər hansı bir ölkə gələcəkdə çox təəssüflənməli olacaq. Yeni və ədalətli əməkdaşlıq modeli hazırladığını deyən Pekin bu qədər sadəlövh ola bilməz! Yəni Ermənistan təcavüzkarlığından əl çəkməyənə qədər onunla real əməkdaşlıq alınan deyil.

Digər yandan, Çin aydın görür ki, Avropaya gedən yolun Cənubi Qafqaz hissəsində açar ölkə Azərbaycandır. Bu, geosiyasi, siyasi, təhlükəsizlik, nəqliyyat imkanları, logistika, beynəlxalq nüfuz və sair aspektlərdə belədir. Vurğulanan faktorlara görə Azərbaycan kimi qiymətli bir tərəfdaşı Pekin itirə bilərmi? Əlbəttə, yox!

Azərbaycan bu regionda yeganə dövlətdir ki, bütün qonşularla səmərəli əməkdaşlıq edir. O, Rusiya, Türkiyə, İran və Gürcüstanla strateji səviyyədə əlaqələrə malikdir. Çoxlu sayda beynəlxalq layihələrin iştirakçısı və təşəbbüskarıdır. Azərbaycanda artıq "Bir kəmər, bir yol" layihəsinin ruhuna uyğun infrastruktur, o cümlədən tranzit infrastrukturu mövcuddur. Azərbaycana sudan və qurudan rahat çıxışlar var. Məhz bu ölkəyə Qazaxıstandan, Rusiyadan, Türkmənistandan və İrandan asanlıqla və maneəsiz çıxış mövcuddur. Belə bir dövləti təcavüzkar, qondarma, saxta və asılı Ermənistanla əvəz etmək mümkündürmü?!