Azərbaycanda reklam bazarında vəziyyət necədir?


Digərləri 17 May 2019 17:41:00 186 0

Azərbaycanda reklam bazarında vəziyyət necədir?

Son illər Azərbaycanın reklam büdcəsi azalıb.

Son.az bildirir ki, bunu Trend-ə "Communical" şirkətinin rəhbəri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda reklam dövriyyəsi təxminən 100 milyon manatdır:

"Şirkətlər 2015-ci ildə baş verən devalvasiyadan sonra reklam büdcələrini azaltdılar. Bu, əslində yanlış bir gediş idi. Bunun tam əksi olmalı idi. 2016-cı illə 2019-cu ili müqayisə etsək, görərik ki, ümumi reklam sahəsində dövriyyədə olan pul 30-40 faiz azalıb".

Mütəxəssis bildirib ki, Azərbaycanda şirkətlərin reklama yanaşması qonşu ölkələrdən kəskin fərqlənir:

"Bu fərqlər özünü həm reklamın konsepsiyasında, həm də büdcələşmə və strategiyada əks etdirir. Biz hələ ki yaradıcı reklamları görə bilmirik. Türkiyə ilə müqayisə aparsaq, görərik ki, orada daha yaradıcı reklamlar hazırlanır. Bizdə isə yalnız məhsulun təqdimatı və satışına istiqamətlənmiş reklamlardır".

T.Abbaslı qeyd edib ki, Azərbaycanda reklam sahəsində aktuallığı televiziya və radio qoruyur. Dünyada isə rəqəmsal reklam sahəsində inkişaf tendensiyası var.