BMAM Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Forumlar keçirəcək


Digərləri 17 May 2019 17:47:00 190 0

BMAM Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Forumlar keçirəcək

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihə həyata keçirir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcək müzakirələrin əsas məqsədi Ermənistanın Azərbaycan topraqlarını işğal etməsi nəticəsində regionda ölkələrarası münasibətlərin inkişafına, qarşılıqlı əlaqələrə təsir etməsi, humanitar əlaqələrin qurulmasına mane olmasının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

"Ermənistanın regional təhdidi mövzusunda beynəlxalq tədbirlərin təşkili" layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində iki mühüm beynəlxalq Forum keçiriləcək. Bakı şəhərində baş tutacaq tədbir may ayının 30-da, Gəncə şəhərində isə iyun ayının 12-də keçiriləcək.

Bakıda və Gəncədə keçirilən Beynəlxaq Forumda yerli ekspertlərlə yanaşı, Azərbaycanda akkreditasiya olunan beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri yerli və o cümlədən xarici media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Layihənin həyata keçirildiyi müddətdə "Facebook" sosial şəbəkəsində təşkilatın qrup və səhifələrində online formada İctimai Forumlar təşkil olunacaq. Bu Forumlara isə yerli iştirakçılarla bərabər əcnəbi sosial şəbəkə istifadəçiləri də cəlb olunacaq.  Virtual Forumların keçirilməsində əsas məqsəd müxtəlif xarici ölkələrdən olan sosial şəbəkə istifadəçilərinin bu müzakirələrdə iştirakı və onların Ermənistanın işğalçılıq siyasəti haqqında həm məlumatlandırılması, həm də geniş təbliğat mexanizminin qurulmasıdır.

Bu Forumlar vasitəsilə Ermənistanın işğalçılıq siyasəti və bu təcavüzün regionda müxtəlif problemlər yaratması dünya ictimaiyyətinə və mediasına, vətəndaş cəmiyyətinə çatdırılacaq.