Vüqar Rəhimzadə: "Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır"


Siyasət 17 May 2019 17:37:00 248 0

Vüqar Rəhimzadə: "Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır"

"Azərbaycan Avropa İttifaqı və quruma üz dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr uzun illər ərzində genişləndirilib və daha da möhkəmləndirilib. Təsadüfi deyil ki,  Azərbaycan və Avropa İttifaqı rəsmiləri arasında keçirilən görüşlərdə qurumun rəhbərləri ölkəmizlə əməkdaşlığın əhəmiyyətini vurğulayırlar. Bu tezis hər zaman səsləndirlir ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır. Hesab edirəm ki, məhz möhtərəm Prezidentimizin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib".

Son.az bildirir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal layihələr Avropa üçün xüsusi əhəmiyyətə malikdir: "Avropa ölkələri uzun illərdir ki, öz enerji təminatlarını daha etibarlı şəkildə həyata keçirmək üçün alternativ mənbələr axtarışında idilər. Məhz Azərbaycan bu çətin və məsuliyyətli missiyanın bir qismini öz üzərinə götürərək Avropanın enerji təhlükəsizliyinin təminatında qəti addımlar atdı. Şübhəsiz ki, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP gələcəkdə Avropanı daha etibarlı şəkildə "mavi yanacaq"la təmin edəcək".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, bugünlərdə Azərbaycan Prezidentinin Belçikaya işgüzar səfəri və orada Avropa İttifaqının rəhbər şəxsləri ilə görüsü ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək: "Möhtərəm Prezidentimizin  Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə bir sıra mühüm məsələlər müzakirə edilib, Azərbaycanın regiondakı rolu qurum tərəfindən müsbət qiymətləndirilib. Ümumilikdə səfər zəngin məqamlarla yadda qalıb. Hesab edirəm ki, qeyd etdiyimiz məqamlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu, siyasi çəkisini daha da artırır".

Vüqar Rəhimzadə vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ona görə də bu mövzuda irəli sürülən bəzi iddialar əsassızdır: "Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Hazırda qurumla ölkəmiz arasında tərəfdaşlığa dair sənəd hazırlanır. Bu sənəddə əsas müzakirə mövzularından biri enerji və ticarətlə bağlıdır. Möhtərəm Prezidentimiz bu və digər müzakirələrdə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutur. Ona görə də istər Avropa İttifaqı, istərsə də digər beynəlxalq təşkilatlar və xarici dövlətlərlə qurulan qarşılıqlı münasibətlərdə hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Ölkəmizin əsas tələbi də məhz budur".

Son.az