Zaqatalada ilk startap turu keçirilib


Digərləri 17 May 2019 17:16:57 218 0

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Bakı. Zaqatala şəhərində “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk startap turu keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, startap turuna Zaqatala ilə yanaşı, Qax, Balakən, Biləsuvar, Zərdab, Ağcabədi, Oğuz, Ağdam və Şəki şəhərlərindən 100-dən çox iştirakçı qatılıb. 17 may beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf edən tədbirdə bildirilib ki, startap ekosisteminin formalaşdırılması informasiya cəmiyyətinin tələblərindən biridir. Tədbirin informativ sessiyasında “I2B-İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib. Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri tərəfindən birgə həyata keçirilən “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində baş tutan turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının gerçəkləşdirilməsinə dəstək məqsədi ilə reallaşdırılır. Tədbirin interaktiv hissəsində ideyası olan iştirakçılardan ibarət komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb. Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi aparılıb. İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər Zaqatala şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Səyyar kinoteatr”, “Tourism Education Center” və “Events Under Stars” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıblar.