Azərbaycan Prezidenti: "İşğalçıya kifayət qədər təzyiq göstərilmir"


Siyasət 17 May 2019 13:34:00 242 0

Azərbaycan Prezidenti: "İşğalçıya kifayət qədər təzyiq göstərilmir"

Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası - dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür".

Prezident vurğulayıb ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: " Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm".