Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib (ÖZƏL)


Digərləri 17 May 2019 07:45:00 226 0

Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib (ÖZƏL)

Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın sonunadək davam etməsi nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın sonunadək davam etməsi nəzərdə tutulur. Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, qızılca xəstəliyi Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında, 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri mart-aprel aylarında keçirilməli idi. Lakin yerlərdə vaksin ehtiyatı qaldığından bu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Apreldən indiyədək ölkədə 110 mindən çox 20-40 yaşlı şəxs qızılca-məxmərək əleyhinə peyvənd edilib. A.Əliyeva qeyd edib ki, vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb və 14 minə yaxın uşaq peyvənd edilib. Hazırda təmizləyici immunlaşdırma tədbirlərinin aparılması və uşaqların planlı qaydada qızılca və məxmərək əleyhinə peyvənd edilməsi davam etdirilir. RGEM rəsmisi qeyd edib ki, bu il ərzində Azərbaycanda 263 nəfər qızılcaya yoluxub. Bu ilin yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23, apreldə 24 nəfərdə qızılcaya yoluxma halı təsdiqlənib: "Mart-aprel aylarında qızılcaya yoluxma halları azalıb. Hazırda xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır. Xəstəlik hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq".