Ombudsmanın nümayəndəsi İşçi Qrupunun illik görüşündə iştirak edib


Digərləri 16 May 2019 22:47:46 235 0

Ombudsmanın nümayəndəsi İşçi Qrupunun illik görüşündə iştirak edib

Ombudsmanın nümayəndəsi Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya ilə bağlı İşçi Qrupunun illik görüşündə iştirak edib

Bakı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan Hüquqlarının Müdafiəsi şöbəsinin böyük məsləhətçisi Murad Babayev Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (CRPD) ilə bağlı İşçi Qrupunun üzvü seçilib. O, 14 may 2019-cu il tarixdə Belçikanın paytaxtı Brüssel şəhərində ENNHRI-nin katibliyində təşkil olunmuş həmin İşçi Qrupunun illik görüşündə iştirak edib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə ENNHRI-nin icraçı direktoru Debbie Kohner və əməkdaşları, 20 dövlətin (Böyük Britaniya, Almaniya, Fransa, Finlandiya, Belçika, Danimarka, Hollandiya, Xorvatya, İrlandiya, Latviya, Macarıstan, Gürcüstan və s.) və Avropanın bir sıra təşkilatlarının nümayəndələri iştirak edib, Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya, o cümlədən inkluziv təhsillə bağlı görülmüş işlər təhlil olunub. M.Babayev tədbirdə çıxış edərək, ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil mexanizmin funksiyalarının həyata keçirilməsinin Müvəkkilə tövsiyə olunduğunu, Ombudsman tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar onların ərizə və şikayətlərinin qəbul edildiyini və araşdırıldığını, həmin şəxslərin yaşadığı və saxlanıldığı dövlət müəssisələrinə baxışlar keçirildiyini bildirib. O, Müvəkkilin təşəbbüsü və çoxsaylı təklifləri nəzərə alınaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini söyləyib. Aparatın nümayəndəsi əlavə olaraq, 2013-cü ildə Azərbaycan Ombudsmanı tərəfindən Birləşmiş Millətlər Təşkilatının müvafiq Komitəsinə əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi ilə bağlı Paralel Hesabat göndərilməsi barədə məlumat verib. O, həmçinin bildirib ki, müvəkkilin təklifləri də nəzərə alınmaqla BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsinə uyğun olaraq “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Müvəkkil bu proqramın səmərəliliyinin icrası məqsədi ilə əlilliyi olan şəxslərin inkluziv təhsilinin təşkili üçün kifayət həcmdə maliyyə və insan resurslarının ayrılması, sağlamlıq imkanları məhdud uşaqların hələ kiçik yaşlarından inklüziv təhsilə hazırlanması, onlarla məşğul olan ixtisaslaşdırılmış mütəxəssislərin hazırlanmasını, onların peşəkarlıqlarının artırılması üzrə tədbirlərin görülməsini təklif edib.