Bakıda Avropa Regional Sosial Təminat Forumu başa çatıb FOTO


Digərləri 16 May 2019 21:52:00 180 0

Bakıda Avropa Regional Sosial Təminat Forumu başa çatıb  FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu başa çatıb. Üç gün davam edən Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Son.az-a verilən məlumata görə, forumun bağlanış mərasimində BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano başa çatan bu mühüm beynəlxalq tədbirin Avropa regionu ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin və onların innovativ həllərlə aradan qaldırılması yollarının müzakirəsi üçün unikal bir platforma rolu oynadığını vurğulayıb. O, gündəliyi mühüm mövzulardan ibarət olan Forumun iştirakçıların gələcək fəaliyyətində müsbət nəticələrini verəcəyinə əmin olduğunu qeyd edib.

M.A.R.Kaetano Azərbaycanın Avropa Regional Sosial Təminat Forumuna yüksək səviyyədə ev sahibliyi etməsindən məmnunluğunu və buna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, ötən dövrdə möhtəşəm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanda Avropa Regional Sosial Təminat Forumunun da layiqli şəkildə keçirilməsi üçün bütün işlər aparılıb. Nazir müavini Forumun ölkəmizdə keçirilməsi qərarına görə BSTA-ya təşəkkürünü ifadə edib. A.Kərimov Forumun region ölkələrinin sosial təminat üzrə qurumları arasında müvafiq sahədə fəal əməkdaşlığa, sosial təminat sistemlərində əldə olunmuş qabaqcıl təcrübələrin təqdim edilməsi və mübadiləsinə imkan verdiyini də diqqətə çatdırıb.


Xəbərə aid fotolar