İşə qəbul üçün keçirilən üzüzə müsahibədə yaxşı çıxış etməyin yolu


Digərləri 16 May 2019 21:02:00 406 0

İşə qəbul üçün keçirilən üzüzə müsahibədə yaxşı çıxış etməyin yolu

Arzuladığınız iş yerinə qəbul olunmaq asan olmayan bir vəzifəyə çevrilə bilər.

İş yerləri təklif edən böyük və kiçik şirkətlər sürətlə dəyişən biznes aləminin tərkib hissəsidir.

Lakin işəgötürmə prosesinin mühüm bir mərhələsi var: işəgötürmə müsahibəsi.

"Bu, hələ də işəgötürmə prosesinin mühüm hissəsi sayılır", - Lloyds Banking Group-un eksperti Jen Tippin deyir.

O hesab edir ki, bir nəfər və ya bir qrup şəxs qarşısında suallara cavab vermək qabiliyyəti onun iş karyerasına həlledici dərəcədə müsbət və ya mənfi təsir göstərə bilər.

Odur ki, inamsızlıq anlarının və ya qalstukunuzun düzgün bağlanmamasının sizin karyera gələcəyinizi dağıtmasına imkan verməyin.

Müsahibənin yaxşı alınması üçün aşağıdakı məsləhətlər faydalı ola bilər:

1. Axtarış aparın

Müsahibədən əvvəl hazırlıq işi görmək gərəkdir.

Sualları kimin verəcəyini müəyyən edin və onun haqqında mümkün qədər çox məlumat öyrənməyə çalışın.

Şirkətin fəaliyyət istiqamətini diqqətlə öyrənin: Biznesi nədir? İllik dövriyyəsinin həcmi nə qədərdir? Şirkətin başçısı kimdir? Fəaliyyət göstərdiyi sahədə hansı nüfuza malikdir? Şirkətin əsas rəqibləri kimdir?

Məlumat toplamağa şirkətin vebsaytından başlamaq olar.

Qeydlər aparın, adları öyrənin, sizin biliyinizi göstərə bilən suallar hazırlayın.

2. Məşq edin

Müsahibədən əvvəl dostlarınızla məşq edə bilərsiniz.

Sizə verilə bilən sualları hazırlayın və onlara cavab tapmağı çalışın.

Bir çox saytlar klassik müsahibə suallarını təklif edir, odur ki, siz qarşılaşa biləcəyiniz suallar barədə təsəvvür əldə edə bilərsiniz.

Cavablarınızı hazırlayanda bacarığınızı göstərən konkret misallar hazırlayın.

Sizin keçmiş nailiyyətləriniz və təcrübəniz barədə dedikləriniz sizin köhnə işinizdə hansı dəyəri təmin etdiyinizi və görəcəyiniz yeni işə hansı dəyəri əlavə edəcəyinizi göstərməlidir.

3. Geyiminizə fikir verin

Kostyum və qalstukdan sizə heç bir zərər gəlməz.

İlk təəssürat mühüm ola bilər: bəzi potensial işverənlər təəssüratlarını ilk 30 saniyədə formalaşdırırlar - müsahibə zamanı siz özünüzü çox yaxşı göstərə bilərsiniz, lakin geyiminiz həmsöhbətlərinizin xoşuna gəlməyibsə sizin səyləriniz nəticə verməyə bilər.

İşəgötürmə üzrə keçmiş ekspert Virginia Eastman media şirkətinə rəhbərlik etməyə ərizə verən bir kişinin müsahibəyə gəlməsini xatırlayır: "Onun ağzından və özündən gələn qoxu otağa ondan üç dəqiqə əvvəl daxil oldu".

"Əyin-başı çox pis idi: taykeş corablar, pencəyinin ətəyinə düşmüş yemək izi... başının əcaib daranması".

Onun müsabiqədən keçməyəcəyi aydın idi.

Şirkətdə geyim qaydaları sərbəst olsa da komissiya üzvləri müsahibəyə cins şalvarda gələcəyinizi gözləmirlər.

İşəgötürmə üzrə ekspertlər müsahibəyə klassik üsluba yaxın olan paltarda və ya kostyum və qalstukda gəlməyi məsləhət görürlər.

Daha çox qeryi-rəsmi səciyyə daşıyan müsahibələrə təmiz ağ köynək və şalvarda və ya ətəkdə gəlmək məsləhətdir.

Müsahibəyə geyinib gedəcəyiniz paltarı axşamdan ütüləyin və müsahibəyə yollanarkən avtobusda tomat şorbası yeməyin.

4. Əlsıxma bərk olmalıdır

Sizin əlsıxmanızın son nəticəyə təsiri ola bilər, odur ki, müsahibədən əvvəl düzgün əl sıxmağı öyrənin.

Bəzən bunu unuduruq, lakin potensial işverəndə sizin haqqınızda rəy sizin əlsıxmanızın gücü əsasında formalaşa bilər.

Ən azı siz otağa daxil olanda ilk hərəkətiniz əlsıxmadan başlayır.