"Oğlum sünnət olunduqdan sonra özünü öldürüb"


Digərləri 16 May 2019 21:06:00 224 0

"Oğlum sünnət olunduqdan sonra özünü öldürüb"

"Mənim üçün baş verənlər bir faciəyə çevrildi... Mən indi yox, 2015-ci ildə öldüm".

Sevimli oğlu Alex Hardy-dən gəlmiş sonuncu email Lesley Roberts üçün gözlənilməz olub.Həmin email anaya 2017-ci il, noyabrın 25-də, oğlunun intiharından 12 saat sonra çatıb.

Övladının intihar xəbərini isə Lesley-ə oğlunun emaili çatmazdan 1 saat əvvəl polis verib.

Alex 23 yaşında olub, onun ruhi sağlamlıqla bağlı problemi olmayıb. Lesley onun nə üçün intihar etmək istədiyini anlamır.

O, öz email məktubunda iki il əvvəl necə sünnət edildiyini təsvir edir. Alex yazıb ki, bu, sünnət yox, "kişi cinsi orqanının şikəst edilməsi" adlandırılmalıdır.

O, sağ olanda bu barədə ailəsi və ya dostlarına bir şey deməyib. Lesley hətta oğlunun sünnət olduğunu belə bilməyib.

O, övladının nəyə görə intihar etdiyini anlamaq üçün sünnətin nə olduğu barədə daha çox məlumat toplamağa çalışıb.

Lesley deyir ki, oğlunun 1994-cü ildə doğulmasını arzularının yerinə yetməsi kimi qəbul edib.

Lesley üç oğlunun yaşca ən böyüyü olan Alex-i sonsuzluğa qarşı üç illik müalicədən sonra, 1994-cü ilin iyulunda doğub.

Alex-in 13 yaşı olanda onun bir qardaşı da doğulub. O, qardaşlarını çox sevib.

Alex məktəbdə yaxşı oxuyurmuş, ingilis dili dərsinə olan xüsusi həvəsinə görə, köhnə məktəbi təsis etdiyi Yaradıcı Yazı Mükafatı müsabiqəsinə Alex Hardy-nin adını verib.

Alex Hardy ağıllı uşaq olub, məktəbdə yaxşı oxuyub.

Alex uşaq yaşlarından xizək sürməyi sevib. 14 yaşında, o, məktəbdən Kanadaya xizək səyahətinə yollanıb və bu ölkəyə vurulub.

Odur ki, 18 yaşı tamam olduqdan sonra Alex universitetə daxil olmaq planlarını təxirə salaraq, bir il Kanadada yaşamağa qərar verir.

"Bir ildən sonra zəng elədi ki, universitetdə oxumağını daha bir il də təxirə salmaq istəyir, iki ildən sonra bu yenə təkrarlandı", Lesley deyir.

Beləcə, iki il üç ilə döndü, sonra dörd ilə...

Alex intihar edəndə artıq beş il imiş ki, Kanadada yaşayırdı və bu ölkədə oturum almışdı.

Alex idmanı, xüsusilə də xizək sürməyi çox sevib.

Lesley həm özü tək, həm də qardaşları və atalığı (Alex-in) ilə birlikdə bir neçə dəfə Kanadada oğluna baş çəkib.

Ailə üzvləri mehriban idi. Lakin Alex onlara cinsi orqanı ilə bağlı problemlərinin olmasından heç vaxt söz açmayıb.

Alex-in intiharından sonra gəlib çatmış son email-ində o yazıb ki, cinsiyyət orqanının ucunu örtən üst dərinin darlığından əziyyət çəkirmiş.

2015-ci ildə yaxınlarına bildirmədən Alex Kanadada özünü həkimə göstərir. Həkim ona hormonal məlhəm yazır, lakin bir neçə həftədən sonra Alex yenidən həkimə müraciət edir ki, məlhəmin istifadəsi nəticə vermir.

Alex-in yaşadığı problemə tibbi dildə fimoz deyilir. Fimoz - kişi cinsiyyət orqanının başcığını örtən üst dərinin və ya kәnar pülüyün dar olması halına deyilir.

Bunun nәticәsindә cinsiyyәt üzvünün başcığının pülükdәn xaricә çıxması ya çox çәtin olur, ya da heç mümkün olmur.

Pülüyün darlığı körpə uşaqlarda normal hal sayılır, oğlan uşağı böyüdükcə onun cinsiyyət orqanının pülüyü başcıqdan ayrılmağa başlayır.

Lesley deyir ki, onun oğlu Alex "bilikli, mədəni, tərbiyəli və qayğıkeş" adam olub.

Fimoz heç də həmişə problem yaratmır, lakin yaradırsa, bu, o cümlədən, sidiyə gedəndə və cinsi əlaqə zamanı özünü göstərir.

İngiltərə səhiyyə sistemində bu problem hormonal məlhəm sürtmə və pülüyün dartılması yolu ilə müalicə olunur, lakin bunlar nəticə verməyəndə, son əlac kimi sünnət tətbiq edilir.

Kanadada Alex uroloqa göndərilir.

"O, dərhal sünnət etdirməyi lazım bildi, - Alex məktubunda yazıb. - Mən dərinin dartılmasını istədim, lakin o, üzümə baxa-baxa yalan danışaraq dedi ki, bunun mənə faydası olmayacaq.

Ancaq bunu həkim dediyinə görə, həvəssiz olsam da, onun söylədiyini qəbul etməli oldum".

Oğlunun məktubunu oxuduqdan sonra Lesley həmin həkim barədə internetdə xəstələrin rəylərini axtarmağa başlayıb.

Xəstələrin çoxu bu həkimdən narazı olduqlarını yazıblar.

Lesley oğlu Alex üçün çox darıxdığını deyir.

Oxuduğu rəylərdən dəhşətə gələn Lesley həmin uroloqla bağlı araşdırmanın aparılmasını xahiş edir. Ona bildirilir ki, belə bir araşdırma aparılmaqdadır.

Britaniya Kolumbiyası Həkimlər və Cərrahlar Kolleci BBC-yə bildirib ki, "hansısa həkimdən şikayət edildiyini açıqlaya bilməz və bu, yalnız o zaman açıqlana bilər ki, həmin şikayət rəsmi araşdırmanın başlanmasına səbəb olsun".

Kömpüteri işləmədiyindən Alex-in həmin uroloq və ya sünnət əməliyyatı barədə geniş məlumat toplamaq imkanı olmayıb.

O, başqa kompüterlərdə bu məsələyə dair axtarışlar etməkdən çəkinib, dostlarıyla isə bu mövzunu müzakirə etmək üçün "həddindən çox qadağaların olduğunu" hiss edib.

Odur ki, Alex 2015-ci ildə, 21 yaşı olanda, yüngül əməliyyat saydığı sünnət əməliyyatına yazılıb.

"Alex balaca qardaşını çox istəyirdi".

Anasına yazdığı email-də Alex sünnətdən sonra üzləşdiyi problemlərini təsvir edərkən yazır ki, cinsi orqanının üst dərisinin pülüyü kəsildiyinə görə, penisinin başcığı paltarına sürtülür və bu ona "ağrı və işgəncə verir".

"Təsəvvür et ki, gözün qapağını kəsirlər, göz alması nə vəziyyətə düşər?" - Alex məktubunda yazıb.

"O, idmanla məşğul olmağı xoşlayırdı, təsəvvür edin, oğlum nə əzab çəkib", - Lesley deyir.

Britaniya Uroloq Cərrahlar Assosiasiyasının üzvü, mindən çox sünnət əməliyyatı keçirmiş cərrah Trevor Dorkin deyir ki, o, öz pasiyentlərini xəbərdar edir ki, sünnətdən sonra penis başcığının həssaslığı artır, lakin bir müddətdən sonra bu həssaslıq, adətən, zəifləyir.

"Əksər hallarda əməliyyat olunmuş adamlar bir müddətdən sonra bu həssaslığa öyrəşir, bu hiss onlar üçün adiləşir", o deyir.

Alex məktubunda erektil funksiyasının pozulduğunu, yanma və göynətmə hissinin ona əzab verdiyindən yazıb: sünnət zamanı onun pülüyünü başcığın dibinə birləşdirən toxuma da kəsilibmiş.

"Həmin yer ən erogen zonalardan biridir, odur ki, cinsi orqanının funksionallığına təsir göstərə bilər", - Trevor Dorkin söyləyib.

Kişi sünnəti əleyhinə etiraz kampaniyaları genişlənməkdədir.