Eurovision 2019: Azərbaycan bu gün çıxış edəcək


Şou-biznes 16 May 2019 21:07:00 190 0

Eurovision 2019: Azərbaycan bu gün çıxış edəcək

Bugün İsrail paytaxtı Təl-Əvivdə keçiriləcək Eurovision 2019 Mahnı Müsabiqəsinin ikinci yarım-finalında Azərbaycan da iştirak edəcək.

Bakı vaxtilə saat 23:00-da başlayacaq tədbirdə Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci sırada çıxış edəcək.

Azərbaycanla yanaşı, bu yarım-finalda onun qonşuları Ermənistan və Rusiya da çıxış edəcək. İlk yarım-finalda iştirak edən Gürcüstan finala çıxa bilməyib.

Bu yarım-finalda 10 ölkə, səsvermə nəticələrinə əsasən mayın 18-də baş tutacaq finala çıxacaq.

Mahnı təqdim edildikdən sonra təxminən 15 dəqiqə səsvermə üçün zaman ayrılır. Telefon, SMS və ya Eurovision-ın rəsmi tətbiqi ilə səs vermək mümkündür.

Qaydalara görə, izləyicilər yalnız ölkəsinin iştirak etdiyi yarımfinalda, öz ölkəsi istisna olmaqla, səs verə bilərlər. Bir nəfər 20 dəfə səs verə bilər, amma öz ölkəsinə yox.

Telesəslər nəticələrin 50 faizini təşkil edir. Digər 50 faizi hər ölkədən olan jüri tərəfindən verilmiş səslər nəticəsində bəlli olur.

İlk yarım-final mayın 14-də keçirilib. Sayca 64-cü Eurovision Mahnı Müsabiqəsinin final isə 18 mayda keçiriləcək.

Ötən il İsrailin təmsilçisi Netta "Toy" mahnısı ilə qalib gəldikdən sonra tədbirə sahiblik Təl-Əvivə keçib.

İsrailin 2018-ci il təmsilçisi Netta

Lakin ölkənin insan haqlarının pozulması reytinqinə görə müğənnilər və media təşkilatçıları tədbiri boykot etməyə çağrılıb.