Respublika Klinik Xəstəxanasının əməkdaşları YAP-a qoşulmaq üçün müraciət edib (FOTO)


Digərləri 16 May 2019 18:12:57 250 0

Respublika Klinik Xəstəxanasının əməkdaşları YAP-a qoşulmaq üçün müraciət edib (FOTO)

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 280 əməkdaşı YAP sıralarına daxil olmaq üçün müraciət edib

Bakı. 1992-ci il noyabrın 21-də müxalifət partiyası kimi 550 nəfərin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının (YAP) qısa müddətdə iqtidara gəlməsi YAP-a, onun yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevə ümumxalq ehtiramı və inamının nəticəsi idi. Bu gün üzvlərinin sayı 800 minə yaxınlaşan partiyanın ikinci qurultayındakı çıxışında "Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidirlər, öz könlü ilə gəlməlidirlər. Bilməlidirlər ki, bu partiya onun bütün arzu və istəklərinə cavab verən partiyadır" söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, bu partiyanın yaradılması ilə Azərbaycanda yeni bir demokratik sistem formalaşır: "Əsas vəzifəmiz isə Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır- siyasi, iqtisadi, sosial və başqa islahatlardır". Trend-in məlumatına görə, ötən gün Akadkemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən tədbir sübut edib ki, ulu öndərin ideyalarını davam etdirən YAP həqiqi mənada xalqın, milyonların partiyasıdır. Xəstəxananın baş həkimi Telman İbadov bildirib ki, respublikada aparılan geniş miqyaslı islahatlar, quruculuq işləri səhiyyə sistemində də əsaslı dönüş yaratmış, yeni xəstəxanalar istifadəyə verilib, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən müasir tibbi avadanlıq və preparatlarla təmin edilib: "Xəstəxanamız son illərdə əsaslı surətdə təmir olunub, müxtəlif korpuslarda müalicə olunan xəstələrə diqqət və qayğı artırılıb. Ən təcrübəli həkimlərdən və tibb işçilərindən ibarət kollektivimiz Azərbaycanda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı üçün dövlət başçımız, YAP Sədri İlham Əliyevə minnətdarlığını fəaliyyətləri ilə bildirir. Bu qayğını layiqli işləri ilə doğrultmağa çalışan çoxsaylı həkimlərimiz, tibb işçilərimiz içdikləri Hippokrat andına sadiqdirlər. Bu gün onlardan 280 nəfər YAP sıralarına daxil olmaq üçün ərizə ilə partiyanın Yasamal rayon təşkilatının xəstəxanadakı ərazi ilk təşkilatına müraciət ediblər". YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, 1992-ci ildə adları tarixə "91-lər" kimi yazılan vətənpərvər ziyalıların müraciətinə cavab verən ulu öndər Heydər Əliyev bu partiyanı yaratmaqla Azərbaycanda demokratik təsisatların əsasını qoyub, milli müstəqilliyimizi əbədiləşdirib.