Bakıda Avropa Regional Sosial Təminat sammiti keçirilib (FOTO)


Digərləri 16 May 2019 16:47:00 179 0

Bakıda Avropa Regional Sosial Təminat sammiti keçirilib (FOTO)

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda təşkil edilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Avropa Regional Sosial Təminat Sammiti keçirilib.

Bakı. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda təşkil edilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Avropa Regional Sosial Təminat Sammiti keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetanonun moderatorluğu ilə baş tutan Sammitdə Beynəlxalq Əmək Təşkilatının Sosial müdafiə departamentinin müdir müavini Valeri Şmit məruzə ilə çıxış edib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın sosial təminat sisteminin inkişaf etdirilməsi və qarşıya çıxan çağırışlara uyğun olaraq təkmilləşdirilməsi üçün müəyyən edilən prioritetlər, atılan addımlar barədə məlumat verib. O, iştirakçıların suallarını cavablandırarkən, şəffaflığın, sosial ədalətin və sosial xidmətlərdə hesabatlılığın təmin edilməsinin sosial müdafiə və idarəetmənin etibarlı əsaslara istinad etməsi və bu sistemə inamlı yanaşma üçün vacib olduğunu qeyd edib. Bunun effektiv tənzimləyici qanunvericilik çərçivəsi və institutlar, ixtisaslı işçi heyəti və təkmil texnologiyalar sayəsində əldə edilə biləcəyini deyib. Nazir bu mənada Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərini, yeni qanunların qəbul olunduğunu diqqətə çatdırıb. Habelə yeni yaradılan qurumların, xüsusilə DOST Agentliyinin bu istiqamətdə xüsusi önəmini qeyd edib. S.Babayev həmçinin müvafiq fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi və e-xidmətlərin, eyni zamanda, proaktiv xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Milli sosial müdafiə sistemlərində bu sahədə aparılan işləri diqqətə çatdırıb.