Zirə serbiyalı futbolçusu ilə vidalaşdı


İdman 16 May 2019 13:44:00 269 0

Zirə serbiyalı futbolçusu ilə vidalaşdı

“Zirə” klubu legioner futbolçularından biri ilə vidalaşıb.

Bu barədə komandanın baş məşqçisi Samir Abbasov məlumat verib. Onun sözlərinə görə, müqavilə müddəti başa çatan serbiyalı müdafiəçi Miloş Radivoyeviçlə yeni sözləşmə imzalanmayacaq.

Abbasov deyib ki, mövsüm başa çatandan sonra qapıçı Kamal Bayramov, müdafiəçi Sadiq Quliyev və hücumçu Pərdis Fərcad-Azadla da yollarını ayırıblar: “Hazırda transfer məsələsi ilə məşğuluq. Bütün əcnəbi oyunçularla müqavilələrin müddəti başa çatıb. Onlara yeni sözləşmə təklif etməyi düşünürük. Lakin uyğun variantlar olarsa, onlardan daha bir neçəsi ilə vidalaşa bilərik. Qapıçı mövqeyinə də legioner gətirməyi düşünürük. Əsas problem yerli futbolçularla bağlıdır. Yaxşı oyunçu tapmaq çətindir”.

Qeyd edək ki, “Zirə” Premyer Liqanın son mövsümünü 31 xalla 5-ci pillədə başa vurub. (report)