Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı keçirilir


İdman 16 May 2019 10:28:00 246 0

Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı keçirilir

Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək.

Goal.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edəcək. 

Milli Gimnastika Arenasında keçiriləcək turnirin ilk gününə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və yeniyetmələrdən ibarət komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Bakıda 4-cü dəfə keçiriləcək Avropa çempionatında Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova ilə Veronika Hudis, yeniyetmələrin komanda mübarizəsində Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə və Milana Əkbərovadan ibarət qrup təmsil edəcək.