Stas Rubençik: "Bakıda yaşayanda gicbəsərlərlə oturubdururdum" FOTO


Şou-biznes 15 May 2019 22:15:00 220 0

Stas Rubençik: "Bakıda yaşayanda gicbəsərlərlə oturubdururdum"  FOTO

Son.az bildirir ki, tanınmış prodüser, rejissor, aktyor Stas Rubençik oxu.az-a verdiyi müsahibədə doğma şəhəri, gördüyü iş və ümumilikdə yaradıcılıq prosesi ilə bağlı fikirlərini bölüşüb.

- Dünyanın üç paytaxtı ilə əlaqəniz var: Bakı, Moskva, Berlin. Onların oxşar və fərqli cəhətlərini nədə görürsünüz?

- Matrisa hər yerdə fərqlidir. Hər paytaxtın özünəməxsus dəyərləri var, bu dəyərlər minilliklər ərzində formalaşıb. Hətta deyərdim iqlimin də çox təsiri olub. Şimalda yaşayan insanlar daha təmkinli olurlar: onlar il boyu daha az gün işığı və istilik görür. Hər halda gün işığı vitamin D mənbəyidir. Cənubda yaşayanlar isə daha istiqanlı və coşğun olurlar.

Qloballaşma epoxası, əlbəttə ki, bir çox xalqları birləşdirir. Moskvalı olsan belə, Bakıya gəlib, burada bir il qalsan, istər-istəməz mentalitetin, dünyagörüşün dəyişməyə başlayacaq, bu məkanın həyat atributlarını və özəlliklərini qəbul etməyə başlayacaqsan. "Şüuru varlıq təyin edir" qədim formulası bu günə kimi "qüvvədədir". 

Bakıda yaşayanda yığıncaqlarda qalmaqal salırdım, artıq-əksik danışırdım. Bəzi gicbəsərlərlə oturub-dururdum. Köçəndən sonra dəyişdim. İndi ətrafımda başqa adamlar var. Dünyagörüşüm dəyişib, müdrikləşmişəm, insan 30 yaşında sarsaqdırsa, elə 70 yaşında da sarsaq qalacaq. Ümid edirəm ki, bu sözlər mənə aid deyil.

- Azərbaycan sizin üçün nə deməkdir?

- Bakıdan çoxdan köçmüşəm, bununla belə, harada doğulub boya-başa çatdığımı unutmuram. Üstəlik, indiyə kimi dünya ölkələrinə səyahət edəndə sol cibimdə Azərbaycan vətəndaşı pasportu olur. Ona görə buranı unutmaq mümkün deyil. Bu, insanları çox təəccübləndirir, çünki məni bu ölkənin vətəndaşı kimi heç cür təsəvvür edə bilmirlər. Amma bu məni zərrə qədər də narahat etmir. Hətta deyərdim əyləndirir.

Məni artıq bezdiriblər, hamı deyir Xavyer Bardemə oxşayırsan, barlarda məni görüb ingilis dilində danışırlar, onlara səlis rus dilində cavab verirəm, mat-məəttəl qalırlar. Saitlərin uzadılması şəklində Bakı ləhcəsi də məndə yoxdur. 

Bakıya nadir hallarda gəlsəm də, hər halda gəlirəm. İki dəfə maşınla Azərbaycana səfər etmişəm. Ailəmlə Almaniyadan Balkanlara, oradan Türkiyəyə, Türkiyə sərhədindən Gürcüstana səyahət etmişdik. Bunu təkrarlamaq istərdim. Bütün gəzib-gördüklərindən sonra "Krasnıy most" (Qırmızı körpüdən) üzərindən keçəndə özünü istər-istəməz evdəki kimi hiss edirsən. Çox möhtəşəm duyğudur.

Xəzər dənizi su tərkibinə görə dünyanın ən yaxşı dənizlərindəndir. Yaxşı çimərlik olanda, burada çimmək adama sözün əsl mənasında ləzzət edir. Bakıda ədabazların yığışdığı, məsələn, qadınların çimərliyə dikdabanda gəlib, bir növ şöhrət yarmarkası təşkil etdiyi yerləri sevmirəm. Belə yerlərdən uzaq durmağa çalışıram, az adam olan çimərliklərdə oluram.

Bəzən xoş tapıntılar da olur. Məsələn, keçən dəfə Qobustanın palçıq vulkanlarında oldum, ardınca yaxınlıqdakı tərtəmiz yaşıl suyu olan boş sahil boyunca gəzdik. Əntiqə idi. Tez-tez rusiyalı tanışlarımın Bakı səyahəti ilə bağlı təəssüratlarını eşidirəm, Bakıya çox valeh olduqlarını bildirirlər, belə şərhlər mənə çox xoş təsir bağışlayır. İnsanların Azərbaycana münasibəti dəyişib. Əvvəllər ağıllarına birinci növbədə "alverçilik" gəlirdisə, indi hamısı "yeni Dubaydan" danışır.

- Ölkə xaricində azərbaycanlını tanımaq asandır? Həmvətənlərlə münasibətləriniz nə yerdədir?

- Azərbaycanlını dünyanın istənilən yerində tanıya bilərəm. Bu, izahı olmayan bir vəziyyətdir. Sadəcə, baxan kimi dərhal anlayıram ki, "bizimkidir". Ola bilər, rejissor olduğum üçün belədir. İnsanların simalarını oxuya bilirəm.

Ümumiyyətlə, bakılılar heç yerdə dəyişmirlər. Çoxları həm də köhnə Bakını xatırlayıb, doluxsunmağı sevir... Dərdli, bir qədər sərxoş "50+" yaşlı əmilər "Planovaya" mahnısının sədaları altında ağlayıb, köhnə Bakının xatirəsinə "vururlar". Sözün düzü, bu, mənim o qədər də ürəyimcə deyil. Mən belə nostaljik, naftalin qoxusu verən söhbətlərdən uzağam. Belə anlarda yerimdən qalxıb, üzrxahlıq edirəm və məclisi tərk edirəm. Bir az da önə gedim: bu cür söhbətlərə görə "bakılı" ifadəsini ifrat dərəcəyə çatdırıblar. Ona görə mən bakılı deyiləm. Sadəcə, Bakıda anadan olmuşam.

- Prodüser, rejissor, aktyor... Bunun davamı gələcək?

- Mənim üçün aktiv, pozitiv, kreativ olmaq daha böyük önəm kəsb edir, elə insan ki, ona hər zaman tələbat olsun, insanlara sevinc gətirsin. Yəqin, elə buna görədir ki, bu yaxınlarda şoumen də oldum. Sadəcə, dostlar tövsiyə etmişdi. İnsanları sevirəm, insanlarla enerjimi bölüşməyi sevirəm. Diqqət mərkəzində olmağı sevirəm və düşünürəm ki, məndə onlara çatdırası çox şeylər var.

Misal üçün, mənə FTX (Rusiyanın Federal Təhlükəsizlik Xidməti - red.) polkovnikinin yubiley şənliyində aparıcı olmağı təklif etmişdilər. Əvvəl şokda idim, çünki həmin vaxta qədər heç vaxt bunu etməmişdim. Bununla belə, getdim və yerinə yetirdim. Ən əsası odur ki, enerji mübadiləsi oldu. Üstəlik, nələrdənsə qorxub-çəkinmə dövrü keçib. Sadəcə, öhdəyə götürüb, yerinə yetirmək lazımdır.

Bir ildən sonra nə ilə məşğul olacağımı bilmirəm. Gərək sənə maraqlı olan şeylərlə məşğul olasan. Kim bilir, bəlkə, gələcəkdə başıaşağı dayanmaqdan xoşum gələcək.

- Enerjini bölüşmək yaxşı haldır. Bu enerjini haradan toplayırsınız?

- Başqa insanlardan. Özümü yeni bilgilər, müsbət enerji və ya qazanc əldə elə biləcəyim insanlarla ünsiyyətə kökləmişəm. Bu qədər utanmaz şəkildə. Bu, əlbəttə ki, ailə və qohumlara aid deyil. Mənə dünənki fikirlərin səsləndiyi, enerjini tükədən yığıncaqlar maraqlı deyil.

Həmçinin, öz yaradıcılığımda, iş başında olan vaxt çox enerji hasil edirəm. Maddi dünyada yaşayırıq, istənilən yaradıcılıq qiymətləndirilməlidir. Ancaq pul heç də hər zaman hər şeyin fövqündə olmur. Bu, bilirsiniz, nəyə bənzəyir, arıqlamaq istəyirsən, trenajorlara gedirsən. Ancaq bu, kifayət etmir axı, düzgün qidalanmaq da şərtdir. Kino sənayesində də vəziyyət eynidir, pul hər şeyi həll etmir. Nə ifadə etmək istədiyini, daxilindən gələnləri anlamalısan. 

Üstəlik, bəzən prosesin özü nəticədən daha vacib olur. Məsələn, sərasər üç ay ərzində çəkiliş aparırsan, ekranlara isə cəmi dörd saat gedir. İstənilən halda üç ay dörd saatdan çoxdur. Bu aylar ərzində çəkilişlər qalmaqallar, əsəb gərginlikləri, anlaşılmazlıqlarla müşayiət olunsa, onun nəticəsi də sual altına olacaq. Ona görə fikir verməlisən ki, əhatəndə düzgün insanlar olsun.

Çəkiliş meydanına insanların üzərinə çığırmaq, onları aşağılamaq mənlik deyil. Məndə bu yolla içində boğduqlarını sublimasiya edən "mama uşağı" rejissorlara xas olan komplekslər yoxdur. Heç bir sıxıntım yoxdur. Həm səfillə, həm də oliqarxla eyni tərzdə söhbət edə bilərəm.

- Yaradıcılıqda rasionalizmlə "ürəyə yatan" iş arasında sərhəd haradan başlayır?

- İdealda, hər hansı işi pul müqabilində görsən belə, onu özün üçün görməlisən. İşə "tutdu qatıq, tutmadı ayran" şəklində yanaşmaq olmaz. Hətta sonradan nəticənin gözləntilərə uyğun olmadığını anlasan belə. İstənilən halda sənin yaratdığın məhsul sənin bir parçandır. Keyfiyyətli etsən, effektini istər-istəməz görəcəksən: maddi olmasa belə, azından əxlaqi. İstənilən işdə mükəmməlliyə can atmaq lazımdır. Fərqi yoxdur, hansı peşənin sahibisən, istəyirsən çörəkçi ol, istəyirsən çilingər. Əks halda, məşğulluğun heç bir önəmi qalmır.


Xəbərə aid fotolar