Mədəniyyət nazirinin müavini Aşqabadda MDB ölkələri elm və yaradıcı ziyalılarının forumunda iştirak edib (FOTO)


Digərləri 15 May 2019 17:37:00 168 0

Mədəniyyət nazirinin müavini Aşqabadda MDB ölkələri elm və yaradıcı ziyalılarının forumunda iştirak edib (FOTO)

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabadda MDB ölkələri elm və yaradıcı ziyalılarının XIV Forumunda iştirak edir

Bakı. Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Trend-in məlumatına görə, forumda mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, o cümlədən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və başqaları daxildir. Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq”dur. Tədbirin açılış mərasimimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Türkmənistanın MDB çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyi, 2012-ci ildə ölkənin Marı, 2016-cı ildə isə Daşoğuz şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan edildiyi diqqətə çatdırılır. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tədbirdə çıxış ediblər.