"Məgər hamının nəslikökü təmizdir?!"


Şou-biznes 15 May 2019 17:29:00 226 0

"Məgər hamının nəslikökü təmizdir?!"

Son.az əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadənin oxu.az-a müsahibəsini təqdim edir:

- Xeyli müddətdir səsiniz-sorağınız gəlmir. Şou-biznes və mədəniyyət aləmində nə var, nə yox? Nədən narazısınız, nədən narahatsınız?

- Üzərimdə yük çoxdur, işlərim çox olur. Fiziki cəhətdən çətin olsa da, gücümü məsuliyyətdən alıram. Şou-biznes və mədəniyyət aləminə gəldikdə, hər ikisində məni yalnız bir şey narahat edir, qeyri-peşəkarlıq. Məsuliyyətsizlik, qeyri-ciddilik və ağılsızlıq da bu siyahıdadır. 

Əgər biz kiminsə sənətdə normal yetişməsini, mütəxəssis olmasını istəyiriksə, onu düz istiqamətləndirməliyik. Bir insana sən mütaliə etmirsənsə, deməli, keyfiyyətsizsən, deyə bilmərik. 

Pafoslar, böyük-böyük danışmaqlar, gurultulu sözlər, cümlələr, çox ciddi görünüş almaq - bunlar şouya aiddir. Şou elə budur. 

- Siz də şou göstərirsiniz?

- Məni ciddi bir insan kimi tanıyırlar. Deyirlər ki, Gövhər çox sərt danışır. Mən sərt danışmıram, qarşı tərəfə sözümü deyirəm. Heç kimdən heç nə tələb etmirəm. Deyirəm, gəlin, bunu edək. Çünki heç kimdən heç nə tələb edə bilmərik. Tələblə heç bir şey olmur. Sadəcə, insan hər hansısa bir işi görəndə onu sevərək etməlidir.

- Cilddən-cildə girməkdən danışdınız, yeri gəldi, soruşum. Şou-biznesdə ikiüzlülər çoxdur, yoxsa minsifətlilər?

- İkiüzlülər! Onlar hər zaman olub. Bəzi insanlar iradəli, güclü deyil, zəif tərəfləri var. Bəzən qorxaraq, çəkinərək hamının üzünə gülmək məcburiyyətində qalırlar. Bunları görüb, çaş-baş qalırsan ki, görəsən, hansı odur? 

Minsifətli olmaq isə özü bir bacarıqdır. O cür insanlar hələ özlərini cəmiyyətdə tapmayanlardır. Bəzən özü o sifətlərin içində itir, özünə sual verir ki, hansı mənəm?! Bütün ortamlarda özünü yaxşı hiss edir. Amma birdən ayılır ki, heç yerdə yoxdur, heç kimdir. Həyatda elə ən qorxulu şey odur. Hamının sevimlisi ola bilməzsən. Hamının xoşuna gələ bilməzsən. Ya sənə nifrət bəsləyəcəklər, ya da səni sevəcəklər. Bu, ən gözəl tərəfindir. Kimin üçünsə, ümumiyyətlə, mövcud olmamaq da var ki, bu, ən dəhşətlisidir.

- Müğənni Rüfət Axundov və əməkdar artist Rəşad İlyasovun canlı efirlərin birində mahnı ifa edərkən söyüş söyməsi gündəmi alt-üst etdi. Bu hadisə cəmiyyətdə birmənalı qarşılanmadı. Xoşagəlməz olayla bağlı siz nə düşünürsünüz?

- Videoya baxanda, öncə başa düşmədim. Düşündüm ki, montajdır. Sonradan izah etdilər, həmçinin, özüm də diqqətlə dinlədim. Rəşad illərin sənətkarıdır. Bəs necə oldu, bu hadisə baş verdi? Özüm üçün qısa olaraq belə yozmağa çalışıram: kişi məclisində, adətən, bu kimi zarafatlar olur.

Kişilər üçün normal sayılan bu cür nalayiq ifadələr həmin məclislərdə səslənir. Bir-biri ilə danışanda belə, zarafatları çox kobud olur. Amma əfsuslar olsun ki, bu dəfə hər şey canlı efirdə olub. Allah mərdimazara lənət eləsin. 

Məni qıcıqlandıran və sevmədiyin elə insanlar var ki, heç onların başına bu cür hadisələr gəlmir. Hər iki sənətçinin "adamlığı" ola-ola adları xoş olmayan hadisədə hallandı. İnanın ki, eşidəndə şok yaşadım. Bəlkə də, bundan sonra daha ciddi yanaşarlar. Müğənnilər nitqlərinin üzərində çalışmalıdırlar. "Necə istəyirəm, elə də danışıram, zarafat edirəm" məsələsi efirdə yolverilməzdir. 

- Yaşanan xoşagəlməz hadisələr fonunda AzTV ilə yanaşı, digər özəl kanallarda da Bədii Şuranın yaradılması gündəmə gəldi. Nəticədə ATV-də Bədii Şura yaradıldı. Sizi isə şuranın üzvlərindən biri seçdilər. İlk iclasda hansı problemləri müzakirə etdiniz? ATV-də yaxın zamanda hansı dəyişikliklər olacaq?

- Üzərimə qoyulan məsuliyyəti çox gözəl dərk edirəm. Bu, o demək deyil ki, şura yaradıldısa, sabahdan etibarən bütün əyri-əskiklər düzələcək. Buna da zaman lazımdır. Efirdə olan lazımsız məsələlər təmzimlənərək öz həlli yolunu tapacaq. 

Birinci iclas dörd saat çəkdi. O insanların yanında mənim çıxışım yalnız beş dəqiqə ola bilərdi (gülür). Çalışdım, mən də öz fikirlərimi tez-tez izah edim. 

Musiqimizdə, ifaçılıq sənətində o qədər eybəcərliklər var ki, bu səbəbdən Bədii Şuranın yaradılmasına ehtiyac duyuldu. Şuranın müzakirə obyekti isə Azərbaycan dili oldu. Azərbaycan dilinə, sənətinə, musiqisinə və dövlətçiliyinə qulluq etmək üçün nə lazımdırsa, onları mükəmməl şəkildə, efir vasitəsi ilə təqdim etmək şuranın əsas prioritetidir. Televiziya məkanında uşaqlar üçün proqramlar olsa da, yeniyetmələr üçün verilişlər yoxdur. Çalışacağıq ki, onların maraq dairəsində keyfiyyətli və baxımlı verilişlər yayımlansın. 

- Belə çıxır ki, bundan sonra bəzi müğənnilər pul verib, öz bayağı mahnılarını TV-lərdə təqdim edə bilməyəcəklər?

- İstər kommersiya proqramı olsun, istər olmasın. Ödənişli proqramlarda da yaxşı musiqi səslənməlidir. Pul verirsə, o demək deyil ki, nə istəsə, oxuya bilər. Bütün bunların yoluna qoyulması isə bir az zaman alacaq. 

- Deputatlar da tez-tez şou-biznes nümayəndələrini geyimlərinə, danışıq tərzlərinə və oxuduğu mahnılara görə tənqid edirlər...

- Onlar millət vəkilidir - yəni millətin vəkili. İnanın mənə, onlar öz fikirlərini söyləmirlər. Onlar millətin sözünü deyirlər.