Azərbaycan Dillər Universitetində “Bahar günü” mədəniyyət festivalı keçirilib


Digərləri 15 May 2019 17:28:56 199 0

Azərbaycan Dillər Universitetində “Bahar günü” mədəniyyət festivalı keçirilib

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Bahar günü” adlı tədbir keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırmalar Mərkəzinin və AWA (Azerbaijan web of anime) cəmiyyətinin birgə əməkdaşlığı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Bahar günü” adlı tədbir keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, tədbir iki hissədən ibarət təşkil edilib. Birinci hissə akt zalında keçirilib və ADU-nun Yaponşünas tələbələri tərəfindən hazırlanan mahnı və rəqslərdən ibarət konsert proqramı, Anime cəmiyyətinin üzvlərinin, eyni zamanda ADU-nun tələbələri tərəfindən hazırlanan və Azərbaycan dilinə tərcümə edilmiş anime təqdim edilib. Bundan başqa Kendo təşkilatı tərəfindən Kendo idman növü də nümayiş edilib. Tədbirin ikinci hissəsi ADU-nun foyesində baş tutub. Burada Yaponiyanın mədəniyyət nümunələrini təqdim edən stendlər təqdim olunub. Bu stendlərdə Yaponiyanın mətbəxi, incəsənəti, mədəniyyəti, coğrafiyası, idman növləri və digər maraqlı sahələri öz əksini tapıb. Onu da qeyd edək ki, tədbirdə Yaponiya səfirliyinin əməkdaşları da iştirak ediblər.