İstismar müddəti bitmiş və başqa ölkələrdə istifadəsi qadağan edilmiş avtomobillərin sayı Azərbaycanda 3 dəfə artıb (ÖZƏL)


Digərləri 15 May 2019 17:14:00 217 0

İstismar müddəti bitmiş və başqa ölkələrdə istifadəsi qadağan edilmiş avtomobillərin sayı Azərbaycanda 3 dəfə artıb (ÖZƏL)

Son 3 ildə Azərbaycanda istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb.

Bakı. İlhamə İsabalayeva - Son 3 ildə Azərbaycanda istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib. Belə nəqliyyat vasitələrinin 40 faizinin müəyyən müddətdən sonra tullantıya çevrildiyini deyən nazirlik rəsmisi qeyd edib ki, hesablamalara görə, 1991-92-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi - 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür: “Sənaye müəssisələrinin daha mütərəqqi texnologiyalar əsasında yenidənqurulması nəticəsində ətraf mühitə daha az tullantı buraxılır. Buna görə də indi əsas problem avtomobillərin formalaşdırdığı zəhərli qazlardır. Nəqliyyat vasitələrinin ətraf mühitə böyük həcmdə zərərli qaz ayırmasının səbəbləri də müxtəlifdir”. Həmin səbəbləri açıqlayan M.Qənbərov qeyd edib ki, Azərbaycanda əhalinin maddi rifah səviyyəsi yüksəldikcə avtomobil alan şəxslərin sayı da artır. Onun sözlərinə görə, bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən istifadə olunduğu ölkələrdə istismarına qadağa qoyulan maşınlardır. Həmin avtomobillərin ətraf mühiti çirkləndirdiyini deyən ETSN rəsmisi əlavə edib ki, inkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, maşınların ekoloji tələblərə uyğun olması tələbi qoyulur, onlar ətraf mühit üçün problem yaratdıqda istismardan çıxarılır.