Sürücülərin iş və istirahət rejiminə taxoqraf sistemi ilə nəzarət olunacaq


Digərləri 15 May 2019 17:18:00 226 0

Sürücülərin iş və istirahət rejiminə taxoqraf sistemi ilə nəzarət olunacaq

Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb.

Bakı. "Azərbaycan Respublikasında rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycan Respublikasının birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərində görüş keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri iştirak edib. Avropa Əsas Sertifikatlaşdırma Orqanının İspra şəhərində keçirilmiş növbəti sessiyasında bu təşkilatın mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb. Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar fabrikin nümayəndələri müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandıracaqlar.