Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək


Digərləri 15 May 2019 14:37:35 217 0

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunacaq. Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əsli; - “İmtahana buraxılış vərəqəsi". - 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.