Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib (FOTO)


Digərləri 15 May 2019 13:33:16 179 0

Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib (FOTO)

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib.

Bakı. Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib. Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qəhrəmanın yubileyi münasibətilə ərsəyə gətirdiyi Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının Azərbaycan dilinə tərcümə olunan variantının təqdimatında xarici ölkələrin səfirlikləri, yazıçılar, tələbələr, müəllim və professor heyəti iştirak edib. Tarix elmləri namizədi Oleq Kupçikin moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hələ Sloveniyada diplomatik korpusda çalışdığı zaman kitabın rus dilinə tərcümə etdirərək çapına nail olub. Mehdi Hüseynzadə Azərbaycanın şanlı tarixidir. Onun bütün dünyada tanıdılması üçün bu kitab ən gözəl vəsaitlərdən biri hesab edilir. Səfir bildirib ki, igid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edən bu kitab gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətlidir. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, tanınmış yazıçı-dramaturq Afaq Məsud çıxışında bildirib ki, Mehdi Hüseynzadə döyüşərkən bəlkə də əbədi tarixdə qalacağını ağlına gətirməyib. Kitabın milli sərvət kimi bütün dillərə, o cümlədən Ukrayna dilinə tərcümə olunmasının vacibliyini vurğulayan A.Məsud qeyd edib ki, əsərdə Azərbaycanın milli-mental dəyərləri mövcuddur. Bu kitab təkcə Mehdi Hüseynzadə qəhrəmanlığı deyil, həmçinin Azərbaycanın tanıdılması baxımından əvəzsizdir. A.Məsud kitabın ərsəyə gəlməsində səfir A.Xudiyevə təşəkkürünü bildirib. Kitabın Azərbaycan dilinə tərcüməçisi Fərhad Abdullayev isə hərbi mövzularda tərcümə işinin məsuliyyətindən danışıb. Bu kitabı tərcümə etmək, təkcə Mehdi Hüseynzadənin qarşısında deyil, bütün müharibədə həlak olan qəhrəmanlarımız qarşısında məsuliyyətdir.