Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb


Digərləri 15 May 2019 12:31:32 195 0

Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb

Ölkəmizdə icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi “Yaxşı Təcrübə” müsabiqəsində xüsusi mükafata layiq görülüb.

Bakı. Ölkəmizdə icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi “Yaxşı Təcrübə” müsabiqəsində xüsusi mükafata layiq görülüb. Trend-in məlumatına görə, BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat Assosiasiyanın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayev bildirib ki, Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidi təmin edir. Proqram işsiz və işaxtaran vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim edilməklə, kiçik ailə biznesinə çıxış imkanı qazanmalarına şərait yaradır. Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Onlar əsasən həssas əhali qruplarından (əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan ailələrin, şəhid ailələrinin üzvləri və b.) ibarətdir. Cari ildə isə 10 minədək vətəndaşın bu proqrama cəlb edilməsi nəzərdə, növbəti illərdə proqramın daha da genişləndirilməsi nəzərdə tutulur.