Hadı Rəcəbli: "Yazırlar ki, 17 villam, 9 benzindoldurma məntəqəm, 4 şadlıq evim var..."


Digərləri 15 May 2019 11:39:00 193 0

Hadı Rəcəbli: "Yazırlar ki, 17 villam, 9 benzindoldurma məntəqəm, 4 şadlıq evim var..."

Son.az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin ONA-ya müsahibəsini təqdim edir:

- 15 may Beynəlxalq Ailə Günüdür. Çoxuşaqlı ailədə böyümüş Hadi Rəcəbli Azərbaycanda ailə institutunu necə xarakterizə edərdi?

- Cəmiyyətin ilk təşkilatı, təməli, tərbiyənin, sağlamlığın, həyat tərzinin, dünyaya baxışın mənbəyi ailədir. Ona görə də öz ailəmizin nümunəsində bu suala cavab vermək istəyərdim. Anam əməkdar müəllim, Lənkəranda tanınmış nəslin nümayəndəsidir. Bəylərov Kərbəlayi Yunusun 8 qızı, bir oğlu olub. Ata babam Məşədi Əlinin isə 10 uşağı olub. Bir dayım, bir əmim Böyük Vətən Müharibəsinə gedib, qayıtmayıb. Hər iki ailə həmişə dini adət-ənənələrə, Qurandan irəli gələn çoxlu qaydalara riayət edib, ənənələr nəsildən nəslə ötürülüb. Mən də çoxuşaqlı ailədə böyümüşəm, 2 bacı, 4 qardaş olmuşuq. Hamımız ali təhsil almışıq, həmişə nəslimizin ənənələrini yaşatmışıq. Bizim ailənin kökündə birinci zəhmət olub. Həyatda zəhmətsiz heç nə ola bilməz. Tənbəllik bizim nəslə yad amildir. İkincisi, təhsil, savad önəmlidir. Üçüncüsü, ailəmizdə sağlamlıq ənənəsi olub. Ailə ilə bağlı dördüncü məsələ mənəviyyatla bağlıdır. Bizə yalan danışmamağı, halallığı, mənəvi saflığı, sədaqətli olmağı təlqin ediblər. Həyat yoldaşımla 45 ildir, ailə qurmuşuq, 4 övladımız - 2 qız, 2 oğlumuz var, hamısı ali təhsil alıb, heç biri ələbaxımlı böyüməyib. Oğlanlarım məktəbdə oxuyandan - 15 yaşlarından işləyib, pul qazanıblar. Böyük ailəmizdə bütövlük var, bir-birinə dəstək, qayğı var. Dəstək deyəndə, xeyrində, şərində yanında olmaqdan, qayğı göstərməkdən, məsləhət verməkdən söhbət gedir. Yəni biz ailə institutunun bu vacib elementlərini saxlamağa və ötürməyə çalışırıq. On nəvəm var. İki nəvəm ali təhsil alıb, magistraturanı bitirib. İki nəvəm hazırda ali məktəbdə oxuyur, bir nəvəm bu il ali məktəbə imtahan verəcək. Nəvələrimin hamısı qızlı-oğlanlı idmanla məşğul olurlar.

Evimizdə həmişə başımızın üzərində Quran olub, iş otağımda da Quran var. Hazırda ailə üzvlərimizin bir çoxu, mənim bildiyim iki bacım, iki qardaşım, onların bir neçə ailə üzvləri, mən və həyat yoldaşım, iki oğlum və iki qızım, bir nəvəm oruc tuturuq. Mən nəyə heyfslənirəm? Bu gün cəmiyyətə örnək ailələri göstərmirlər. Biz örnək ailələri ortaya çıxarmalı və cəmiyyətə nümunə göstərməliyik. Çalışmalıyıq ki, Azərbaycan ailəsi nümunə olsun və dövlətimiz, xalqımız üçün layiqli övladlar yetişdirsin.

- Ölkədə demoqrafik durumu necə dəyərləndirmək olar? 2011-ci ildən doğulan uşaqların sayının azalması demoqrafik böhrana gətirib çıxara bilərmi?

- 2011-ci ildən bu yana doğulan uşaqların sayı azalır. 2011-ci ildə 176 min uşaq dünyaya gəlmişdisə, 2018-ci ildə 130 mindən bir qədər çox uşaq dünyaya göz açıb. Hər il təxminən 100 min təbii artım 10 milyon əhalisi olan ölkə üçün pis göstərici deyil. Qız və oğlanların faiz nisbətində ciddi fərqlər yoxdur. Çox təəssüf ki, əgər 2014-cü ildə 85 min cütlük nikaha girmişdisə, 2017-ci ildə bu rəqəm 63 minə düşüb, hər min nəfərə boşanmalar 1,5-ə çatıb, bu rəqəm 2011-cu ilə nisbətən 30% artıb.

- Doğulan uşaqların sayının azalmasının səbəbi nədir?

- Avropada dünyaya gələn uşaqların sayı ilbəil niyə azalır? Yeri gəlmişkən, bu gün İranda da uşaqların sayında artım yüksək deyil. Çünki İranda demoqrafik tənzimləmə mövcuddur, bunun üçün ailədə arzu olunarsa, öz xahişləri ilə bu prosesə bəzi müdaxilə edilir. Ona görə indi İranda çoxuşaqlı ailələr azalır. Ümumiyyətlə, cəmiyyət sivilləşdikcə, nədənsə doğuş azalır. Demoqrafik krizis olan, doğuşun azaldığı Rusiyada bu artıq ciddi problemə çevrilib. Yeri gəlmişkən, Rusiyada analıq kapitalı verməyə başlayıblar. Əslində, Azərbaycanda ünvanlı yardımın kökündə çoxuşaqlı, sosial durumu zəif olan ailələr nəzərdə tutulmuşdu.

- Ünvanlı yardımdan söz düşmüşkən, bir zaman dağ yerində yaşayan fiziki imkanları olan ailələrə bu ödənişlər əvəzinə qoyun verilməsini təklif etmişdiniz. Bu, o vaxtlar birmənalı qarşılanmamışdı.

- Bu mənim nəzəri və təcrübi biliklərimin nəticəsi olan fikirlər idi. Ancaq biz sonradan Özünüməşğulluq Proqramı çərçivəsində bu addımların atılmasının şahidi olduq. Özünüməşğulluq ailənin kiçik biznesinin formalaşmasına dəstək verməkdir. Beş-on qoyuna bütün ailə üzvləri, hətta uşaqlarda baxa bilir. Kənd yerində mal-qara saxlamaq, arıçılıq, əkinçilik, kiçik emal müəssisələri açmaq çox faydalı olur. Yəni həm ailənin məşğulluğu təmin edilir, həm də ailəyə gəlir gəlir. Özünüməşğulluq Proqramı çərçivəsində Bakıda dərzilik, fotoqraflıq və s. var. Sağlam ailəyə ünvanlı yardım vermirlər ki, götürüb xərcləsin. Özünüməşğulluq Proqramı həmin ailələrin dəstəklənməsinə çox mühüm qayğıdır. Əlsiz-ayaqsız ailələrə isə bu yardımlar daha çox miqdarda ünvanlı və konkret verilir.

Prezident İlham Əliyevin kiçik və orta sahibkarlıqla bağlı qəbul etdiyi qərarlar çox önəmlidir. Məsələn, bu il Özünüməşğulluq Proqramına 10 minə qədər ailə cəlb olunacaq. Sahibkarlara aşağı faizli kreditlərin verilməsi, vergi güzəştləri tətbiq olunur ki, kiçik və orta sahibkarlıq inkişaf etsin, məşğulluq təmin edilsin.

Mən bir zaman parlamentdə çıxışımda çox kəskin şəkildə demişdim ki, yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətinə rayonda sahibkarların sayı, sahibkarlığın inkişafı ilə qiymət verilsin. Məmurun bir nömrəli vəzifəsi orta və kiçik sahibkarlara dəstək olmalıdır. Gərək qayda-qanunla 5 iş yeri yaradanı alqışlayaq. Ölkədə iş yerləri çox olsa, onda bir ailədə işləyənlərin sayı artır ki, bu da onların maliyyə büdcəsini artırır, nəticədə sosial durumunun yaxşılaşmasına xidmət edir.        

- Bu gün küçələrdə avtomobillərin şüşələrini silən, dilənçilik edən, nələrsə satan uşaqları görürük. Məşğulluğun belə formasını necə qəbul edirsiniz?

- Əmək Məcəlləsində 15 yaşdan uşaqların məşğulluğuna icazə verilir. Amma mən həmişə deyirəm ki, o vaxtlar geniş yayılmış əmək tərbiyəsi kommunist tərbiyəsinin bir forması idi. Bu gün bu, inkişaf etmiş dünya dövlətlərində geniş yayılıb, ABŞ-da da var. Bu o demək deyil ki, 15 yaşından sonra uşaq işləyə bilər, amma 15 yaşına qədər heç nə etməsin, əlini ağdan-qaraya vurmasın. Məsələn, kənd yerində yaşayan uşaq otlaqdan inəyi gətirir, yer belləyir, ağacdan meyvə dərir. Yəni bu gün biz birinci növbədə ailədə əməyə münasibəti, əmək tərbiyəsini öyrətməliyik. 15 yaşından sonra isə uşağa işləməyə icazə verməliyik. 

Avtomobil şüşələrini silən, dilənçilik edən, küçələrdə nələrsə satan uşaqlara gəlincə, əlbəttə, bu qrup uşaqlara görə hamı narahat olmalıdır. Bələdiyyələr də, məmurlar da, deputatlar da, ağsaqqallar da, sahibkarlar da, sahə inspektoru da o uşaqlarla maraqlanmalı, məsələ ilə məşğul olmalıdır.

Çox təəssüf ki, bu gün az da olsa, dilənçilik biznesi var. Biz niyə bunu görmək istəmirik? Maraqlanırsan, görürsən ki, bu dilənçi sən deyən ağır vəziyyətdə yaşamır. Ondan pis vəziyyətdə olanlar var, amma dilənçilik etmir, mənəviyyatı var. Mən tam razıyam ki, bununla əlaqədar təhlil aparılmalı, o qrup insanlar müəyyənləşdirilməlidir. Bələdiyyələr nə üçündür? Hər kənddə qismən imkanı aşağı olan ailələr tapılmalıdır, bu məsələ aydınlaşmalıdır. Cəmiyyət belə hallara biganə qalmamalıdır. Biz nail olmalıyıq ki, şəhərlərimizdə nə dilənçi olsun, nə avtomobil şüşələri silən uşaq... Bu prosesdə məktəb də, ailə də, qonşu da iştirak etməlidir. İnsanlara mərhəmət hissi də aşılanmalıdır. Məsələn, o vaxtlar çox ailədə olduğu kimi, bizdə də nənəm evdə plov, başqa yemək bişirəndə bizə yemək verməmiş birinci imkansız qonşuya pay göndərərdi. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dünyada  mərhəmət, xeyirxahlıq simvoludur. Heydər Əliyev Fondu nə qədər xəstə uşaqların müalicəsini öz üzərinə götürüb?! Bu gün mənim bildiyim  deputatlarımızdan nə qədər belə xeyirxah işlərlə məşğul olanlar var. Möhtərəm Prezidentimiz işsiz, vəziyyəti ağır olan ailələrlə əlaqədar 40 min sosial işçi ştatı verib, həmin ailələrə dəstək olan forma tapılıb.

- Rayonlarda imkansız ailələr övladlarının ali məktəblərə qəbul olunduqdan sonra şəhərdə yaşamaq xərcləri ciddi problem kimi qarşıya çıxır. Gənclər Fondu bu uşaqların müəyyən xərclərini təmin etmək yönündə proqram həyata keçirir. Bu istiqamətdə daha sistemli işlərin görülməsinə ehtiyac varmı? Təhsil kreditlərinin ayrılması məsələsinin həllini necə görürsünüz?

- Siz bizim komitə iclaslarında iştirak edirsiniz. Bu tipli təşəbbüslər komitə iclaslarında da dəfələrlə bu və digər məsələlərlə bağlı səslənib. Məsələn, əlil uşaqların təhsil haqqından azad edilməsiylə bağlı qaldırdığımız məsələ bunlardan biri idi. Prezidentimiz çox sağ olsun ki, ictimaiyyətin düşündüyü fikirləri dəstəklədi və müvafiq qərar verdi. Tələbə krediti ideyası da vardı. Bu gün Gənclər Fondu bu tələbələrin müəyyən xərclərini təmin etmək yönündə proqram həyata keçirir. Təhsil müəssisələrinin özü də bəzən belə addımlar atırlar. Digər tərəfdən Tibb Universiteti, Bakı Dövlət Universiteti kimi ali məktəblərin yataqxanaları var. Ümumiyyətlə, ali məktəblərin, özəl təhsil müəssisələrinin də yataqxana sistemi olmalıdır. Sosial durumu ağır olan ailələrin uşaqlarının təhsili ilə əlaqədar xərcləri qismən dövlət üzərinə götürməlidir, mən bununla razıyam. Amma bu zaman ünvanlılıq prinsipi təmin olunmalıdır. Belə uşaqların xərclərini qismən dövlət üzərinə götürməli, qismən bu problem kredit sisteminin tətbiqi ilə aradan qaldırılmalıdır. Bildiyimiz kimi, 2019-2020-ci il dərs ilindən başlayaraq ali məktəblərdə pulsuz təhsil alanların sayı iki dəfə artacaq. Düşünürəm ki, bu məsələ də gələcəkdə də dövlət başçısının daim diqqət mərkəzində olacaq. Çünki ölkə başçısı deyir ki, sosial müdafiə sistemində işlər bitmir, daim və davamlı şəkildə gedəcək.

- Zaman-zaman Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində yardımların, müavinətlərin, bölünməsində sosial müdafiənin ayrı-ayrı sahələrində qanunsuzluğa yol verildiyi aşkarlanır. Bu problemlərin aradan qaldırılması üçün hansı addımların atılması nəzərdə tutulur?