Sədaqət Vəliyeva: Avropa İttifaqı Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, strateji əməkdaşlığa xüsusi önəm verir


Digərləri 15 May 2019 10:46:00 230 0

Sədaqət Vəliyeva: Avropa İttifaqı Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, strateji əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur.

Bakı. Elçin Mehdiyev - Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur. BMT, ATƏT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla olan münasibətlərdəki ölkəmizin qətiyyətli mövqeyi və nüfuzu daim milli maraqlarımızın qorunmasına və təmin edilməsinə əsas yaradıb. Bu kontekstdə Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələri də istisna təşkil etmir. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər: “Hətta Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olan Azərbaycanın İttifaqın üzvü olan doqquz ölkəsi ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Eyni zamanda Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynayır, ölkəmiz Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir”. Millət vəkilinin sözlərinə görə, ölkəmizin beynəlxalq nüfuzuna və imicinə zərbə vurmağa çalışanların bu məsələ ilə bağlı iddiaları əsassız, qərəzli və qeyri-obyektivdir: “Ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub”.