Hərracda 33 min manata özəlləşdirilən əmlak hansı oldu?


Digərləri 15 May 2019 07:14:00 227 0

Hərracda 33 min manata özəlləşdirilən əmlak hansı oldu?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Rəqabətli hərracda kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirilib.

Komitədən Son.az-a verilən məlumata görə, ən yüksək ümumi faydalı sahəsi olan kiçik dövlət müəssisəsi Tovuz rayonu, Əyyublu kəndində yerləşir. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2054 kv.m, tikilinin ümumi faydalı sahəsi isə 763.5 kv.m-dir. İştirakçı kiçik dövlət müəssisəsini 33 min manata özəlləşdirib. Oğuz rayonu, Calut kəndindəki dövlət müəssisəsinin də geniş torpaq ərazisi mövcuddur. Belə ki, ümumi faydalı sahəsi 66 kv.m olan tikili 2645 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. İsmayıllı rayonu, Əhən kəndində tikintisi yarımçıq qalmış inzibati binanın torpaq sahəsi 3259 kv.m-dir. İştirakçı həmin dövlət əmlakını 6 min 500 manata özəlləşdirib.

Nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə budəfəki hərrac rəqabətli keçib. Belə ki, buraxılış tarixi 2004 olan "Mercedes Benz" markalı avtomobil üçün ilkin qiymət 6 min manat təyin olunub. Nəqliyyat vasitəsinin hərracında 4 sifarişçinin fəal iştirakı son qiyməti 10 min 200 manata yüksəldib. Digər nəqliyyat vasitələrindən birinin istehsal ili 2005, markası isə "Nissan Maxima"dır. Başlanğıc qiyməti 3 min manat olan avtomobili qalib iştirakçı 5 min manat təklif edərək özəlləşdirib.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 21 may tarixində keçiriləcək. İnvestorlar növbəti hərracda 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri üzrə seçim edə bilər. Səhmdar cəmiyyətlərindən 8-i inşaat, 6-sı aqrar, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.