İnsanın dəyişməsinin və xüsusi hidayətə çatmasının yolu


Digərləri 14 May 2019 22:50:00 226 0

İnsanın dəyişməsinin və xüsusi hidayətə çatmasının yolu

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayı artıq öz rəhməti, bərəkəti və məğfirəti ilə üzərimizə gəlib. Allahdan istəyimiz budur ki, bu ayda ən yaxşıları hallarımıza, durumlarımıza şamil etsin!

Bütün varlıq aləminin Rəbbi bizi qonaq çağırıb

Mübarək Ramazan ayının hilalı görsənərkən möminlərin, iman əhlinin oxuduğu dua - əslində bir aya yönəlik mənəvi ab-havaya təsir edəcək bir mövzudur. Ona görə də, bu bəhsimizdə həmin mübarək duaya və o duadan götürülə biləcək ibrətlərə toxunacağıq.

Mübarək Ramazan ayının hilalı görsənən zaman tövsiyə olunur ki, üzü qibləyə dayanılsın, əllər göyə qaldırılsın və hilala, yəni yeni Aya xitab olunaraq deyilsin: "Ey hilal, ey mübarək Ramazan ayının yeni hilalı! Mənim və sənin Rəbbi olan Allah - aləmlərin Rəbbidir...".

Bir aylıq Allah ziyafətinə dəvət olunmuş bəndə, Ramazan ayını salamlayaraq qarşılayır və Ramazan ayı ilə bir neçə kəlməni bölüşür. Bəyan edir ki, Allah bütün aləmdə, Yer üzündə nə varsa - hamısının Rəbbidir. Belə bir Allahın ziyafətinə daxil olmuşuq. Bütün varlıq aləminin Rəbbidir.

Ramazan ayında olan bərəkətlər

Daha sonra mübarək Ramazan ayının yeni hilalını müşahidə edən, salamlayan Allah bəndəsi, Allah qonağı, İlahi ziyafətin nurani iştirakçısı müraciətini davam etdirir: "Allahım, bu ayı bizə əmin-amanlıqla, imanla, salamatlıqla, İslamla, Sənin sevdiyin və razılığın olan tərəfə sürətlə yönəlməkə yeni qərar ver!...".

Bir ay ərzində nələrə diqqət etməliyik - hamısı bu cümlələrdə var. Bir ay Allahdan nələri istəməliyik, bu ayın içərisində nələr var, hansı fürsətlər, hansı potensiallar varsa - bu müraciətin içərisində qeyd olunur. Həyatımızda ən ehtiyac duyulan bir mövzu - əmin-amanlıqdır. Allah Təala bu ayda həqiqi əmin-amanlığa, mənəvi əmin-amanlığa çatmaq fürsəti qoyub.

Həyatımızın ən çox ehtiyacı olan, zəruri olan bir hissəsi - imandır. Bu ayda gerçək iman daşıyıcısına çevrilmək üçün imkan var.

Həyatın ən mühüm mövzularından biri də sağlamlıq və salamatlıqdır. İstər fiziki sağlamlıq və salamatlıq, istərsə də mənəvi sağlamlığa ehtiyacımız var. Biz mübarək Ramazan ayını doğru yaşasaq, həm fiziki, həm də mənəvi sağlamlıq əldə edə bilərik.

Bu ayın içərisində həqiqi İslam ruhuna yiyələnmək fürsəti var. Bu ayda Rəbbimizin sevdiyi və razı olduğu mövzulara daha da yaxın ola bilərik. Rəbbimizin sevdiyi ibadətə, sevdiyi əxlaqa, bəyəndiyi əməllərə yiyələnmək imkanları ilə zəngindir Ramazan ayı.

İradəvi varlıq olaraq mövcudluq

Daha sonra duada buyurulur: "Allahım, bu ayda bizə bərəkət nəsib et!...". Bu ayın içərisində elə durum əldə edə bilərik ki, həyatımız, yaşayışımız, fərdi həyatımız, ailə həyatımız, ictimai həyatımız bərəkətlə zənginləşsin. Allahdan istəyimiz budur ki, bu ayın içərisində bizim həyatımızı bərəkətləndirsin.

Bu ayın içərisində Allahın xüsusi inayətləri, köməklikləri, xeyirləri var. Duada gəlir: "Allahım, bu ayın xeyrini və köməyini bizim üçün ruzi qərar ver!...". Duadan anlaşılır ki, ruzi yalnız maddi deyil. Ən böyük ruzi - Allahın inayət və tofiqatıdır. Bu ayın içərisində xeyir və kömək fürsətləri var. Allahdan istəyirik ki, Ramazan ayının içərisində yaxşı bəndələr üçün nəzərdə tutulmuş xeyir və köməklikləri bizlərin ruzisi qərar versin.

Bu ayın içərisində ziyanlardan, bəlalardan, şərlərdən, fitnələrdən uzaq ola bilərik. Bütün aylarda olduğu kimi, bu ayın içərisində də biz iradəvi varlıq olaraq mövcud  olmağı davam edirik. Bu ayda ən böyük ziyanımız o ola bilər ki, bu ayın günləri yaşansın, amma biz bəhrə aparmayaq. Bu ayın ən böyük şəri odur ki, Ramazan ayının günlərini ancaq yeməmək və içməməklə keçirək. Bu ayın içərisində ən böyük bəla bu ola bilər ki, xətalar edək, yanlışlar edək, namazlarımıza, ibadətlərimizə diqqətsiz olaq, orucumuza qarşı səhlənkar olaq.

Əgər bu ayda qəflətdən ayılsaq...

Bu mübarək aya hər birimiz dəvət olunmuşuq. Rəbbimiz hər birimizə müraciət edərək dəvət edib, İlahi ziyafətdə olmağa, oruc tutmağa dəvət edib. Əgər qəflətdən çıxsaq, ayılsaq, anlayaraq ki, nə qədər mübarək bir zamana daxil olmuşuq.

Təsadüfi deyil ki, mübarək ayın birinci günündə Allahdan məhz bunu - qəflətdən ayılmağı istəyirik. Əgər qəflətə düşsək, Ramazan ayının daxil olması bizim üçün sadəcə təqvim hadisəsi olacaq. Sadəcə dəqiqləşdirəcəyik ki, hansı gündür, o gündən başlayacayıq bəlli vaxtda yeməməyə, içməməyə və s. Bəzən insan bunu elə adi halda da edir. Bəzən insanın işi o qədər olur ki, heç yemək yeməyi, içməyi çatdırmır. Yəni, ac və susuz qalmağın xüsusi bir avantajı yoxdur.

Bir də var ki, biz Allahın ziyafəti başladığının, bizim də dəvət olunduğumuzun fərqində olaq. Ola bilsin ki, bu, bizim axırıncı ziyafətimizdir, bu da istisna deyil. Ola bilər ki, bundan sonra onillər ərzində qonaq olmaq fürsətimiz olsun, tam mümkündür də ki, bu, bizim axırıncı Ramazan ayımız olsun. Yaşından asılı olmayaraq, heç bir kəsin təminatı yoxdur ki, qarşıda onun üçün bir neçə Ramazan ayı olacaq.

İnsan bunları düşünsə, mübarək Ramazan ayının imkanlarından daha geniş istifadə etməyə çalışar. Mütləqdir ki, Allah belə olan halda insanın halına diqqət edər.

Bu ayda hansı işləri görməliyik?

Biz İlahi ziyafətdə olduğumuzu, bu mübarək aya daxil olduğumuzu dərk etdikdən sonra hansı işləri görməliyik? Ümumiyyətlə, insanın hansı işləri görməsi daha önəmlidir? Rəbbimiz Qurani-Kərimdə "Ənkəbut" surəsinin altmış doqquzuncu ayəsində buyurur: "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) mücahidə edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir".

Söhbət o kəslərdən gedir ki, Allahın yolunda, nəfsi ilə mübarizədə, özünü düzəltmədə və Allah düşmənlərinin qarşısında can qoyur, əlindən gələn hər şeyi edir. Bizlər öz təzkiyəmizdə, özümüzü düzəltmədə can qoymalıyıq və təəssüflər olsun ki, bunu çox zaman etmirik. Mübarək Ramazan ayı bunun üçün böyük fürsətdir.

Amma təəssüflər olsun ki, çoxları bu ayı təqvim hadisəsi kimi yaşayır, bir az yemir, bir az içmir və bununla da yekunlaşır. Nə edək ki, bu cür olmasın? Nə edək ki, o cür olmasın?

Allah bizlərə ümid verir. Rəbbimizin İlahi ziyafətə çağırışında o qədər ümid var ki, insan fərqinə varsa, heç aclığı, susuzluğu yadına düşməz...

İnsan öz nəfsini təzkiyə edərsə...