İran körfəzində iki Səudiyyə neft tankerinə kim hücum etdi?


Dünya 14 May 2019 21:09:00 201 0

İran körfəzində iki Səudiyyə neft tankerinə kim hücum etdi?

Səudiyyə Ərəbistanının iki neft tankeri bazar günü Birləşmiş Ərəb Əmirlikləri sahili yaxınlığında "təxribat hücumuna" məruz qalıb, Səudiyyənin Energetika naziri bildirib.

"İnsident Hörmüz boğazında Əl-Füceyrə limanı yaxınlığında baş verib, gəmilərə ciddi zərər dəyib", - Xalid əl-Fəlih qeyd edib.

BƏƏ bildirib ki, dörd gəmi hədəf seçilib, lakin tələfat olmayıb.

Böğazla sərhədi olan İran, insidenti "narahatedici və dəhşətli" adlandıraraq, hərtərəfli araşdırılmasına çağırıb.

Payına dünya neft daşımalarının beşdə biri düşən bu bölgədə vəziyyətin gərgin olduğu qeyd edilir.

ABŞ öz qüvvələrinə və dəniz daşımalarına yaranan İran təhlükəsinə görə bölgədə öz hərbi gəmilərini yerləşdirib. ABŞ bu addımı İranın əsas neft idxalçılarını İrana qarşı sanksiyaların təsirindən azad edən möhləti ləğv etdikdən sonra atıb.

İnsident barədə nə məlumdur?

Deyilənə görə, bazar günü Oman körfəzində BƏƏ ərazi sularında əl-Füceyrə əmirliyinin şərqində səhər saat 06:00-da (Bakı vaxtı) baş verən insidentin təfsilatları barədə məlumat yoxdur.

BƏƏ XİN-i bazar günü axşam bildirib ki, naməlum dörd kommersiya gəmisi "təxribat əməliyyatına" məruz qalıb, lakin tələfat və kimyəvi maddələrin dənizə tökülməsi barədə məlumat olmayıb.

Qeyd olunub ki, BƏƏ rəsmiləri bütün tələb olunan tədbirləri görüb və insident araşdırılır.

Nazirlik əl-Füceyrə limanında yanğın və partlayış barədə xəbərləri "əsassız" adlandıraraq limanda vəziyyətin normal olduğunu bildirib.

Bazar ertəsi səhər rəsmi Saudi Press agentliyi Xalid əl-Fəlihi iqtibas edərək bildirib ki, hədəf seçilən gəmilər arasında iki Səudiyyə gəmisi də olub.