Orucu necə tutmalı?


Digərləri 14 May 2019 21:10:00 240 0

Orucu necə tutmalı?

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür. Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu. Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.

Bu sahədə yaranmış kəskin ehtiyacı nəzərə alaraq, saytımız oxucu məktubları və suallar əsasında orucluğun ən əsas hökmləri barədə qısa və anlaşıqlı məlumat verməyi qərara almışdır. Aşağıda həmin suallar sırf Azərbaycan mühitinə xas olan yanaşma tərzi baxımından cavablandırılmışdır. Respublikamızda həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.

1. Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:

1. Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz.

2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.

3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.

4. Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır.

5. İnsan qəsdən qusarsa, orucu batil olar. əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur.

6. Bədənə imalə etdirməklə oruc pozular.

7. Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanınakimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır.

8. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz.

9. Cəfəri hüquqi məktəbinə görə, suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlükdə suya batırılsa, oruc batil olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır.

Hənəfi və Şafii məzhəblərinə görə, oruc tutan şəxsin suya baş vurması çox bəyənilməz əməl sayılsa da, orucu batil olmaz. Özü də gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır.

2. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə neçə?

Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret öəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.

3. Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?

Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.

4. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi varmı?

Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.

Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.

5. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?

Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

6. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu?

Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.

7. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı?

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.

8. Kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

a) Həddi-büluğa çatmamış uşaqlar;

b) Psixi cəhətdən qeyri-normal şəxslər;

c) Qocalıb əldən düşmüş şəxslər;

d) Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.

Amma daha dörd təbəqədən olan şəxslər isə ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

a) Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;

b) Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.

c) Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);

d) Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. əgər gələn ilin ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.

e) Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə). Amma bəzi hallarda insan səfərdə də olsa, oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. Məsələn,

1. Səfərə gedib-qayıdarkən üst-üstə 8 fərsəxdən az məsafə qət edərsə;

2. Səfər zamanı bir məntəqədə ardıcıl olaraq ən azı 10 gün (Cəfəri məzhəbinə görə), yaxud 15 gün (Hənəfi və Şafii məzhəbinə görə) qalarsa;

3. Peşəsi səfərə çıxmaq (məsələn, sürücülük, bələdçilik və s.) olarsa.

Fərsəx - qədim ölçü vahididir. Hənəfilərə görə, 8 fərsəx təqribən 96 km., cəfərilərə görə isə təqribən 46 km.-dir.