Cəmiyyətdə kitaba sevgi olsa, çox problemlər kökündən həll olunar


Digərləri 14 May 2019 19:47:00 230 0

Cəmiyyətdə kitaba sevgi olsa, çox problemlər kökündən həll olunar

"Bir cəmiyyətdə kitaba sevgi olarsa, bir çox problemlər kökündən həll olar".

Son.az xəbər verir ki, bunu tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlu Binəqədi Gənclər Evində gənclərlə kecirilən növbəti görüşündə bildirib.

Gənclər Evinin təşəbbüsü ilə sevdikləri yazıçı ilə görüşmək imkanı əldə etmiş gənclər fəallıqları ilə seçiliblər. Rövşən Abdullaoğlunun ilk cümlələri isə yenə kitabların insan həyatına fövqəladə təsirindən olub: "Əsərlərdə fikir sonsuzluğu deyilən bir şey var. Bəzən oxucu mətndə müəllifdən daha çox şey görür və daha çox şey götürür. Ona görə də oxucu həmişə bir addım müəllifdən öndədir. Kitabla ünsiyyətdə beynimizə elə sözlər gəlir ki, ola bilsin, müəllif heç onları demək istəməyib. İnsan öz axtardığını sətirlərin arasından tapıb çıxarır. Kiçik sadə bir söz illərlə aça bilmədiyiniz düyünü çözmənizə səbəb ola bilər". 

Kitabların bu cür fövqəladə təsirindən bəhs edən yazıçı gənclərə mütaliə seçimində faydalı ola biləcək tövsiyələr də verdi və ölkəmizdə bir qədər skeptik münasibət görən fərdi inkişaf kitablarının önəminin artıq bütün dünyada qəbul edildiyindən bəhs etdi. O, özünü tanıdan, insanın kim olduğunu öyrədən, düşünmə qabiliyyətini inkişaf etdirən, həyat fəlsəfəsini formalaşdıran, insanı ətalətdən çıxarıb inkişafa sövq edən kitablar oxumağın nə qədər faydalı olduğundan danışdı.

"İntihara hər hansı bir durumda haqq qazandırırsınızmı?" sualına birmənalı şəkildə "YOX!" deyən yazıçı son dönəmdə aktuallaşmış bu ağrılı problemlə mübarizə yollarından da bəhs etdi. 

Qeyd edək ki, Rövşən Abdullaoğlunun məhz intihar mövzusuna həsr edilmiş "Relslər üzərinə uzanmış adam" romanı gənclər arasında xeyli populyardır.