Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb


Digərləri 14 May 2019 17:22:00 159 0

Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb

“Təzadlar” qəzetinin adı Şuranın “qara siyahı”sına daxil edilib.

Bakı. Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb. Şuradan Trend-ə verilən məlumata görə, qurumun “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və MŞ-nin Apellyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən “Təzadlar” qəzetinin adı Şuranın “qara siyahı”sına daxil edilib. Bunun səbəbi “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub: "Eyni zamanda, ona “qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib. Təəssüflər olsun ki, A.Mərzili “Təzadlar” qəzetinin “qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və MŞ-nin İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Maraqlıdır ki, A.Mərzili MŞ İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkünsə, “separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir. Peşəkarlar, o cümlədən, diqqətli oxucular MŞ-nin fəaliyyəti, onun ictimai qınaq forması kimi seçdiyi “qara siyahı” barədə məlumatlıdırlar. Hər kəs bilir ki, Şura medianın özünütənzimləmə qurumu qismində jurnalistlərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) nə dərəcədə riayət etmələrinə nəzarəti həyata keçirir, peşə prinsiplərini pozan KİV-lərə yol verdikləri yanlışlıqları xatırladır, nöqsanların aradan qaldırılması üçün tövsiyələr ünvanlayır. Qurumun AJPDQ-nın prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbiri - “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” və nəhayət “qara siyahı”ya daxil etməkdir. “Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunub: müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı “qara siyahı”dadır.