Latın Amerikasını təmsil edən diplomatlar “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar (FOTO)


Digərləri 14 May 2019 15:45:00 206 0

Latın Amerikasını təmsil edən diplomatlar “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar (FOTO)

Perunun Azərbaycandakı səfiri və Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar.

Bakı. Perunun Azərbaycandakı səfiri Maria Milaqros Kastanyon Seoane və Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Hara Maldonado Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. “Təmiz Şəhər” ASC-dən Trend-ə verilən məlumata görə, ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti, tullantıların idarəolunması sahəsində və “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində görülən işlər, Balaxanı Sənaye Parkında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə qonaqlara məlumat verib. Bildirilib ki, Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatlarının, plastik materialların və süngərlərin təkrar emalı sahələri üzrə 7 rezident fəaliyyət göstərir. Daha 11 növ istehsal sahəsi üzrə qeydiyyata alınmış 9 rezident yaxın zamanda fəaliyyətə başlayacaq. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanışlıq zamanı qonaqlara ətraf mühitə mənfi təsirlərin azaldılmasında müəssisənin rolu barədə məlumat verilib. Qeyd edilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir müəssisələrdəndir. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.