İdman və həvəskar balıq ovu üçün balıqovlama bileti tələb olunur?


Digərləri 14 May 2019 15:27:00 244 0

İdman və həvəskar balıq ovu üçün balıqovlama bileti tələb olunur?

İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər, bunun üçün balıqovlama biletinin alınması tələb olunmur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib.

Azərbaycanda balıq ovunun qanununvericiliklə tənzimləndiyini bildirən M.Axundov əlavə edib ki, qanunvericiliyə əsasən sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və bunun üçün balıqovlama biletlərinin alınması mütləqdir.

M.Axundov qeyd edib ki, balıqovlama biletlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir və elektron qaydada almaq mümkündür. Balıqovlama bileti alan şəxslər hər ilin I yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir.

M.Axundov qeyd edib ki, bu il nazirlik tərəfindən 7 hüquqi və 80 fiziki şəxsə sənaye məqsədləri ilə kvotalar ayrılaraq balıqovlama biletləri verilib: "Lakin sənaye məqsədləri ilə balıqovlama biletinin alınması o demək deyil ki, bununla il boyu, hər yerdə və qadağan olunmuş vasitələrlə ov etmək olar. İlk növbədə, ayrılmış kvotaya, yəni göstərilmiş balıq növü və müəyyən edilmiş çəki şərtlərinə əməl edilməlidir. İkincisi, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə ov edlməsi qaydalara ziddir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, su hövzələrindən asılı olaraq hər ilin aprel və may aylarının 1-dən balıqların çoxalma dövrü, yəni kürü tökmə dövrü olduğundan onların ovlanması sentyabrın 1-dək qadağan edilir".