Məktəblilər üçün muzeylərə giriş ödənişsiz oldu


Digərləri 14 May 2019 13:36:00 304 0

Məktəblilər üçün muzeylərə giriş ödənişsiz oldu

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.

Bakı. İlhamə İsabalayeva - 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır. “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər. Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.