102 dövlət əmlakı özəlləşir


Digərləri 13 May 2019 17:38:00 238 0

102 dövlət əmlakı özəlləşir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 11-i növbəti hərrac keçiriləcək.

Komitədən Son.az-a verilən məlumata görə, fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı budəfəki hərraca çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisə və obyekti, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 12 kv.m ilə 3 min 101 kv.m arasındadır. Onlar arasında torpaq sahəsi ilə birgə özəlləşdirilən dövlət əmlakları kifayət qədərdir. Bu tip obyektlərin ilkin hərrac qiymətləri həm torpaq sahəsi və tikili üzrə ayrıca, həm də ümumi formada qeyd olunub. Dövlət əmlaklarından biri Gəncə şəhərində yerləşən kinoteatrdır. Nizami rayonu, Cavadxan küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 143 kv.m-dir. Kiçik dövlət müəssisəsi 978.7 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü Sumqayıtda, digərləri isə Gəncə, Bərdə, Daşkəsən, Ağdam və Şirvandadır.

Özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Yevlax, Ağcabədi kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb.


Xəbərə aid fotolar