Pirallahıda hesabat yığıncağı keçirilib (FOTO)


Digərləri 13 May 2019 16:21:00 229 0

Pirallahıda hesabat yığıncağı keçirilib (FOTO)

Pirallahı rayonunda 2019-cu ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Bakı. Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Trend-in məlumatına görə, hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi. RİH-in başçısı çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi aparılır. Növbəti mərhələdə inşa olunan 6 ədəd yaşayış binalarında isə dəmir-beton karkasının qurulması və betonlanması işləri aparılmışdır. Bundan əlavə Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 2 ədəd 9 mərtəbəli, 2 girişli, 72 mənzilli; 1 ədəd isə 9 mərtəbəli, 6 girişli, 162 mənzilli binalar, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir.