Norm Sement Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək


Digərləri 13 May 2019 10:31:00 395 0

Norm Sement Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək

Norm Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısı olub gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir. Zavodda hazırda 5 çeşiddə sement məhsulu istehsal edilir. İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) və CEM I 52.5N markalı KLASS 1 məhsulları müvafiq olaraq qalaq və kisə şəklində satışa təqdim olunur.

Bir neçə illik istehsal təcrübəsi olmasına baxmayaraq, Norm Sement fəaliyyət müddəti ərzində yerli sement bazarı ilə yanaşı, xarici bazarlara çıxış imkanı da əldə edib. Zavod artıq illərdir ki, qonşu Gürcüstana sement və klinker məhsulları ixrac edir və digər ölkələrə ixrac imkanlarını araşdırmaqdadır. 

Qeyri-neft sektorunun inkişafında əvəzsiz rolu olan Norm Sement 2019-u ildə də iqtisadi əhəmiyyətli yeniliklər etməyə davam edir. Belə ki, Azərbaycanda beton sənayesi sahəsində ilk dəfə Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri" mövzusunda beynəlxalq konfrans baş tutacaq.

Tədbir 100-dən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə cari ilin iyun ayının 20-si, Four Seasons otelində keçiriləcək. Tədbirdə Almaniyanın Progress Group, Rekers, Kraft Curing Systems, Ha-Be Betonchemie, Polşanın Arcen, Danimarkanın Hawkeye Pedershaab və İspaniyanın Lausanne şirkətlərinin nümayəndələri çıxış edəcəklər.

ICCX Avropanın mötəbər qurumlarından olub, 20 ilə yaxın müddət ərzində dünyanın bir çox inkişaf etmiş ölkələrində beton sahəsində beynəlxalq konfranslara təşkilatçılıq etmişdir. ICCX ticarət nişanı müasir beton istehsalı və texnologiyasının bütün aspektlərini əhatə edən konfrans və ticarət sərgisinin unikal birləşməsidir.